Sentyabrın 8-də Özbəkistanın paytaxtı Daşkənddə “Uzbegim” ənənəvi mədəniyyət festivalı keçiriləcək. Tədbirə UNESCO-nun İcraiyyə Şurasının baş direktoru, Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının baş katibi və digər yüksək səviyyəli nümayəndələr dəvət olunub.
Festivalda iştirak etmək məqsədilə 7-11 sentyabr tarixində Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Özbəkistan Respublikasına səfər edəcəklər.
Tədbir çərçivəsində “Uzbegim” kitabının təqdimatı olacaq, tətbiqi sənət və qastronomik yarmarka, tətbiqi sənət üzrə ustad dərsləri, folklor şou proqramı, kəndirbazların əyləncəli tamaşaları, həmçinin “Ginnesin rekordlar kitabı”na düşmək üçün 4,2 metr diametri, 8 min litr tutumu olan qazanda özbək plovunun hazırlanması nəzərdə tutulur.