Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev bu ölkənin Alzas regionunda işgüzar səfərdə olub.
Səfər çərçivəsində səfir Rəhman Mustafayev Müluz şəhərinin meri, Müluz Alzas aqlomerasiyasının vitse-prezidenti Jan Rottner ilə görüşüb.
Mer Azərbaycana səfərini, Prezident İlham Əliyev ilə görüşünü məmnuniyyətlə xatırlayaraq, ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb.
Görüşdə ticarət, iqtisadiyyat, təhsil, mədəniyyət sahələrində regionlararası əlaqələrin əhəmiyyətinə toxunan tərəflər hər iki ölkənin şirkətləri arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu vurğulayıblar.
J.Rottner bildirib ki, artıq bir neçə ildir Müluzda keçirilən yarmarkada ölkəmiz müvəffəqiyyətlə təmsil olunur. Mer Müluzun qardaşlaşdığı Yevlax şəhərinin də bu il noyabr ayında keçiriləcək yarmarkada iştirak etməsini arzulayıb. Belə tədbirlərin ölkəmizin yaxından tanıdılmasında böyük əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.
Bu sahədə əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyi vurğulanaraq, perspektivlər müzakirə olunub.
Səfir Rəhman Mustafayev Müluza səfəri çərçivəsində şəhərdə yaşayan Azərbaycan icmasının üzvləri ilə də görüşüb.