Hər il Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə müxtəlif nəşrlər işıq üzü görür.
Bu günlərdə nazirliyin dəstəyi ilə nəşri başa çatdırılan Qabilin “Seçilmiş əsərləri”nin ikicildliyi oxucuların ixtiyarına verilib.
Müasir Azərbaycan şeirinin görkəmli nümayəndəsi, Xalq şairi Qabilin iki cilddə tərtib olunmuş “Seçilmiş əsərləri”nin birinci cildinə ədibin müxtəlif illərdə yazdığı şeirləri daxil edilib. “Şərq-Qərb” nəşriyyatında çap edilən kitabın ikinci cildində isə ədibin ayrı-ayrı şeirləri ilə yanaşı, poemalarına da yer verilib.
* * *
Nazirliyin dəstəyi ilə çapdan çıxan daha bir kitab balaca oxuculara ünvanlanıb. İngilis yazıçısı, şair və novellaçı, ədəbiyyat üzrə Nobel mükafatçısı Cozef Redyard Kiplinqin Azərbaycan dilində nəşr olunan “Mauqli” əsəri oxuculara təqdim edilib. “Mauqli” povestində cəngəllikdə heyvanlar arasında böyüyən hindli uşağın başına gələn macəralardan bəhs edilir.
“Təhsil” nəşriyyatinda çap edilən nəşrin “ön söz”ünün müəllifi Xalq yazıçısı Elçin, redaktoru nasir, publisist Mustafa Çəmənlidir.
* * *
Yazıçı Vaqif Nəsib Sarıhüseynoğlunun “Rəngli günlər” kitabı da nazirliyin dəstəyi ilə işıq üzü görüb.
Tanınmış nasir, “Qızıl Kəlmə” ədəbi mükafatı laureatı Vaqif Nəsib Sarıhüseynoğlunun yeni kitabına son illərdə qələmə aldığı silsilə hekayələri və “Sənsizlik, mənsizlik, onsuzluq” romanı daxil edilib.
Nəşrin “ön söz”ünün müəllifi Xalq yazıçısı Elçin, redaktoru nasir, publisist Mustafa Çəmənlidir.
Kitab “Təhsil” nəşriyyatında çap olunub.
Yeni nəşrlər Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.