Yuli Qusman: “Ekran əsəri tamaşaçıda müstəqil Azərbaycanın bugünkü inkişafı ilə bağlı dolğun təsəvvür yaradacaq”
   
   1981-ci ildə lentə alınan və qısa vaxtda keçmiş SSRİ-də populyarlaşan “Qorxma, mən səninləyəm” macəra filminin davamının çəkilişlərinə hazırlıq işləri başa çatıb.
   
   Filmin ikinci hissəsi də Moskvada yaşayan həmyerlimiz, Azərbaycanın Xalq artisti, Rusiyanın Əməkdar incəsənət xadimi, rejissor Yuli Qusmanın quruluşunda lentə alınacaq. Çəkilişləri bu ay başlanacaq film “Qorxma, mən səninləyəm - 1919” adlanır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə cərəyan edən hadisələri ekranlarda canlandıracaq filmin süjet xətti o dövrün sevgi macərası üzərində qurulub.
   Filmin çəkilişləri ilə bağlı Y.Qusman Bakıya gəlib. İctimai Televiziyada “Bakının qonaqları” verilişinin qonağı olan rejissor yeni ekran əsəri ilə bağlı məlumat verib. “Qorxma, mən səninləyəm” filminin ikinci hissəsinin çəkilməsini çoxdan arzuladığını deyən rejissor bildirib ki, birinci film Azərbaycan xalqının necə qəhrəman, şən, musiqisevər, xoşbəxt bir xalq olduğunu göstərmək istəyi ilə lentə alınıb: “İndi isə Azərbaycan haqqında yenidən nə isə demək imkanı yaranıb. Filmin ikinci hissəsindəki intriqalar daha dramatikdir. Filmdə təhlükəli sərgüzəştlərlə yanaşı, iki gənc qəhrəmanın məhəbbəti də öz əksini tapacaq”.
   Yeni ekran əsərində Xalq artisti Polad Bülbüloğlunun canlandırdığı Teymur obrazı bu dəfə tamaşaçılara həm deputat, həm də bəstəkar kimi təqdim olunacaq. İki qızı olan Teymurun həyat yoldaşının obrazını isə yenə də Həmidə Ömərova ifa edəcək.
   Bir qərinədən sonra filmdə yenə də məşhur rusiyalı aktyor Lev Durov, Polad Bülbüloğlu və sirk artisti Muxtarbek Kentemirov görüşəcəklər. Filmdə Azərbaycan aktyorları ilə yanaşı, Rusiyanın tanınmış sənət adamları da rol alıblar. “Qorxma, mən səninləyəm - 1919” filminin ilk çəkilişləri avqustun 23-də aparılacaq.
   Filmin prodüser qrupuna Nadir Əliyev, Timur Vaynşteyn, Aleksandr Nasimov və başqaları daxildir. Filmin quruluşçu operatoru Rusiyanın Xalq artisti Vadim Alisov, rəssamı Tahir Tahirovdur. Y.Qusman vurğulayıb ki, ekran əsəri hər bir tamaşaçıda müstəqil Azərbaycanın bugünkü sürətli inkişafı ilə bağlı dolğun təsəvvür yaradacaq.