Tanınmış rəssam Bayram Qasımxanlı 1946-cı il avqustun 29-da Bakıda anadan olub. 1971-ci ildə keçmiş Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1977-ci ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirir. Akademiyada o, Xalq rəssamı Dinara Nodianın rəhbərliyilə qrafika bölməsində təhsil alır. 
   1980-1982-ci illərdə “Yazıçı” nəşriyyatında bədii redaktor işləyib, 50-dən artıq kitaba tərtibat verib. Qrafikanın çətin sahəsi sayılan ksiloqrafiya (ağac üzərində qravür) texnikasıyla “Yeddi dahi Məhəmməd” silsilə əsərini uğurla yaradıb. 1996-cı il onun üçün əlamətdar olub, ilk fərdi-yaradıcılıq sərgisi keçirilib. 
   Uzun illərdir ki, B.Qasımxanlı pedaqoji fəaliyyətlə məşğul olur. 1982-1992-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetində müəllim işləyib. 1996-cı ildən indiyə kimi Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində Təsviri incəsənət kafedrasında baş müəllim olaraq çalışır.
   B.Qasımxanlı 1984-cü ildən “Bakı ekslibris” klubunun sədridir. Ekslibris sahəsində “Azərbaycan ekslibrisi” adlı ilk miniatür kitabının müəllifidir. Bundan başqa, onun “Estamp” avtobioqrafik kitab-albomu, “Rəng haqqında ilk anlayış”, “Təsviri incəsənətdə və memarlıqda işlənən sözlərin lüğəti və mənaları” kitabları çap olunub.
   Onun yağlı və sulu boya ilə işlədiyi rəsmlər özünəməxsus ifadə tərziylə seçilir. Bu baxımdan, “Dədə Qorqud”, “H.Z.Tağıyev” portretləri diqqət çəkir. Yaşının bu çağında Bayram müəllim dayanmadan çalışır, yeni əsərlər üzərində işləyir. Son vaxtlar onun sulu boya ilə çəkdiyi etüdlər, qrafik əsərlər maraq doğurur.
   Rəssamın daha bir fəaliyyəti karikatura sahəsilə bağlıdır. Onun karikaturaları müxtəlif mətbuat orqanlarında çap olunub. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin, eləcə də Beynəlxalq Karikatura Federasiyaları Birliyinin (FECO) üzvüdür.
   Rəssam beynəlxalq və yerli sərgilərdə fəal iştirak edir. Bir sıra sərgilərdə fəxri yerlər tutub, diplom və mükafatlar alıb. Əsərləri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən alınıb, Dövlət Rəsm Qalereyasının fondlarında saxlanılır.
   
   S.Qaliboğlu