UNESCO-nun baş direktoru Beynəlxalq savadlılıq günü ilə əlaqədar ictimaiyyətə müraciət edib
Hər il sentyabrın 8-də qeyd edilən Beynəlxalq savadlılıq günü bu dəfə “Rəqəmsal dünyada savadlılıq” mövzusuna həsr olunub. UNESCO-nun baş direktoru İrina Bokova əlamətdar gün münasibətilə ictimaiyyətə müraciət edib.
Müraciətdə qeyd olunur ki, rəqəmsal texnologiyalar həyatın bütün sahələrinə nüfuz edərək adamların yaşayış tərzini, işini, təhsilini, ünsiyyət vasitələrini dəyişir, həyatın daha da yaxşılaşdırılması üçün geniş imkanlar yaradır. Savadlılıq, ənənəvi olaraq, oxu, yazı və hesab vərdişi kimi qəbul edilib. Lakin rəqəmsal texnologiyalar əsasında formalaşan mühitdə “savadlılıq” anlayışı yeni və daha çox inkişaf etmiş bacarıqları nəzərdə tutur. Eyni zamanda texnologiyalar savadlılığın inkişafına kömək edə bilər.
UNESCO-nun baş direktorunun müraciətində diqqətə çatdırılır ki, hazırda dünyada 750 milyon yaşlı insanın ən ibtidai savadı yoxdur. Təxminən 264 milyon uşaq və yeniyetmə orta təhsil almaqdan kənarda qalıb. Habelə yaşlı insanların və gənclərin xeyli hissəsi rəqəmsal bilikdən məhrumdur. İnformasiya-kommunikasiya texnologiyaları bu problemi həll etməyə imkanlar yaradır.
Müraciətdə dayanıqlı inkişafın əsas hədəflərindən olan keyfiyyətli təhsilə nail olmaq üçün birgə fəaliyyət göstərməyin zəruriliyi vurğulanır. Bildirilir ki, hökumətlər, vətəndaş cəmiyyətləri və özəl sektorlar arasında tərəfdaşlıq əlaqələri rəqəmsal dünyada savadlılığın təşviqində olduqca mühüm rol oynayır. Beynəlxalq savadlılıq günü bizə əldə edilmiş nəticələri qiymətləndirməyə və qarşıya qoyulan vəzifələrin həlli üçün qüvvələrimizi birləşdirməyə imkan yaradır.
Qeyd edək ki, UNESCO tərəfindən 1965-ci ildə təsis edilən Beynəlxalq savadlılıq gününün qeyd olunmasında məqsəd savadlılığın insanlar, icmalar və ümumilikdə, cəmiyyət üçün faydalılığına diqqəti cəlb etməkdir.
Lalə