Dilə bağlanmaq ulusun özümlüyünü yaradır, ayrılmaqsa özgəliyini
   
   Yer üzündəki 6 minə yaxın dil 22 dil ailəsində birləşir. Onlardan Altay dilləri ailəsi böyüklüyünə görə ikinci sayılır. Bu dil ailəsində 6 dil qrupu bir araya gəlir ki, onların da birincisi Türk dilləri qrupudur. 
   Altay dil ailəsinin Türk dilləri qrupu tarixi irəliləyiş və dilçilik əlamətləri baxımından beş yarımqrupa bölünür: oğuz, qıpçaq, bulqar, karluq, tukyuy. Oğuz yarımqrupunda Azərbaycan, Türkiyə, türkmən və qaqauz türkcələri birləşirlər. Bu, o deməkdir ki, göstərilən dillərdə danışan türklər çətinlik çəkmədən bir-birlərini anlaya bilirlər. 
   İndi dünyada 300 milyondan artıq insan türk dilində danışmaqdadır. Ən böyük tarixi yanlışlıqlarımızdan biri türklərin zaman-zaman özgələrin, yağıların əli ilə bir-birindən ayrı düşməsidir. Bu gün türk dünyasının birləşməsi çox önəmli bir qaçılmazlığa çevrilib. 
   Bir məqamı demək yerinə düşər. İndi artıq dünya açıq-aydın türkün təkcə bir soy, ulus yox, həm də irq olduğunu anlamaqdadır. Doğrudan da, türk bir irqdir və onun irq olaraq özəlliklərini ortaya çıxaran gerçəklər var. İndi dünyanın türkə qarşı dirənişinin, basqısının kökündə onun tarixi igidliyi, bahadırlığı dayanır. Öncələr türkün qılıncından qorxanlar indi onun idrakından, beynindən qorxurlar. Doğrudan da, dünyanın bir çox elm mərkəzləri türk beyninin nadir olduğunu, heç bir ulusa bənzəmədiyini ortaya çıxarıb. 
   Çağdaş türk dillərinin sayı ilə bağlı çeşidli fikirlər çoxdur. Bunun da başlıca səbəbi bir çox türk dillərinin düzgün bəlli edilməməsi ilə bağlıdır. Balkar-qaraçay dili iki ayrıca dil sayılır, əslində isə onlar ulus qruplarının adıdır, “balkar-qaraçay” bircə dildir. Tatar dili ilə yanaşı, Krım tatarlarının, Kazan tatarlarının dilinin olduğu ortaya atılır ki, bu da düz deyil. Bu gün geniş biçimdə işlədilən türk dilləri bunlardır: Azərbaycan dili, altay dili, başqırd dili, çuvaş dili, xakas dili, karaim dili, qaqauz dili, qaraçay-balkar dili, qaraqalpaq dili, qazax dili, qırğız dili, qumuq dili, noqay dili, özbək dili, salar dili, şor dili, tatar dili, tofalar dili, tuva dili, türk dili, türkmən dili, uyğur dili, yakut dili. 
   Türk dillərinin sayı və onların təsnifinə aid ilk sözü türkologiyanın bahadırı Mahmud Kaşğarlı deyib. O, XI əsrdə yaşayıb-yaradıb. Türküstanın bir sıra şəhərlərində, eləcə də Bağdadda oxuyub. Bütün türk, eləcə də ərəb, fars dillərini dərindən bilirmiş. Onun elmə iki ünlü əsəri tanışdır: “Divani-lüğətit-türk” (“Türk dillərinin divanı”. Dördcildlik əsər əski türk dillərini öyrənmək baxımından olduqca dəyərli qaynaqdır. Dilimizə çevirən və nəşrə hazırlayan türkoloq Ramiz Əsgərdir) və “Kitabi-cəvahürül nəhv fil lüğətit-türk” (“Türk dillərinin sintaksisi”). M.Kaşğarlı bütün türk dillərini elmi baxımdan öyrənib, onların ortaq və fərqli yönlərini üzə çıxarıb. O, buna görə də özünün yazdığı kimi, türklərin yaşadığı İtil (Volqa) çayı hövzəsindən başlayaraq Çinə kimi olan yerləri gəzərək kitabı üçün bilgilər toplayıb. 
   Türkcələrin ən yetkinlərindən, əskilərindən biri Azərbaycan türkcəsidir. Dünyada bu dildə danışanların sayı 50 milyon nəfərdən çoxdur. Ulusumuzun başına gələn fəlakətlər tarixi torpaqlarımızın itirilməsi ilə sonuclanıb. Son araşdırmalar, axtarışlar bu doğrunu ortaya çıxarıb ki, şumerdilli bütün gil yazı qaynaqları əski Azərbaycan türkcəsində imiş. Həmin yazılar türk dilləri içərisində ən çox bizim türkcəmizə uyğun gəlir. Şumercədəki adgir (şöhrətpərəst), arik (arıq), alma, ana, an, at, ət, ata, baba, bal, bahar, bel, başaq, elti, cütcü, cici, dinc, diri, el, əndüşə, gir, gün, hal, hiss, hur, ilan, ilə, iğne (iynə), kim, katı (qatı), numuna (nümunə), saz və saysız belə sözlər bu gün dilimizdə işlənmirmi? 
   Dilimizin ən böyük zəif yeri onun alınma sözlərlə aşırı “zənginləşməsi”dir. Ulusumuz yüzillər boyu yad qoltuqlarla yaşadığından dilimizə yabançı sözlər çox soxula bilib. İndi alınmalar dilimizdəki bütün sözlərin yarıdan çoxunu tutur. Təkcə onu demək yetər ki, klassik ədəbiyyatımızda 20 mindən artıq ərəb və fars kökənli söz işlədilib. Bunun qarşılığında ərəb dilində 1801, fars dilində isə 1369 türk kökənli söz var. 200 ildən çox Rusiyanın tərkibində yaşadığımız sürədə dilimizə rus sözləri ilə yanaşı, onunla birlikdə ayrı-ayrı Avropa kökənli ulusların minlərlə sözü də keçib. Rus dilində 1576, ingilis dilində 1500 ortaq türk kökənli söz olduğu halda hər il dilimizə həmin dillərdən az qala yüzlərlə söz keçir. 
   Ən böyük problemimiz isə bəzən bir-birimizlə danışıqda doğma dilimizi işlətməyə gərək duymamağımızdır. Dil hər bir ulusun bütün mənəvi dəyərlərinin başıdır, o itiriləndə ulus yox olur. İnsan birinci sırada yalnız öz dilində danışanda, düşünəndə milliliyini qoruyur, təsdiq edir. Bundan uca millilik yoxdur! 
   Dilə bağlanmaq ulusun özümlüyünü yaradır, ayrılmaqsa özgəliyini. Hər gün işlətdiyimiz sözlərin doğma, yad olmasına baxmırıq. Yüzillərdir ərəbcədən və farscadan gələn “sabahın xeyir”, “axşamın xeyir”, “salaməleyküm”, “bəli”-“xeyr” deyirik. Babalarımızın “günaydın” (günün aydın, işıqlı olsun) salamını niyə işlətmirik? “Bəli” “xeyr” sözləri niyə mədənilik göstəricisi, amma özümüzün “hə”- “yox” sözlərimizi işlətmək niyə yekəxanalıq sayılmalıdır? Niyə biz öz babalarımızın yox, yüzillər boyu başqa dillərdən, xalqlardan alınan adları daşımalıyıq? Bütün tarixi fəlakətlərimiz gerçək olaraq bizdən uzaqlaşsa da, əslində dilimizdə, ruhumuzda yaşamaqdadır. 
   Ortaq türkcənin yaradılması ideyası köklü biçimdə ötən əsrin 80-90-cı illərində ortaya atılmışdı. Düzdür, bununla bağlı hələ XX əsrin 20-ci illərində bir sıra fikirlər var idi. Nə acılar ki, hələlik bunlar söz olaraq qalıb. 
   Ortaq türkcənin yaradılması ulusal müəyyənliyin təsdiqi olmaqla yanaşı, yağıya qarşı birgə yumruq deməkdir. Yüzillər boyu bizi bölən, parçalayanlara qarşı birgə dirəniş göstərməkdir. 
   
   S.Qaliboğlu