Sentyabrın 7-də Ağsudakı Heydər Əliyev Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının və İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə Xalq rəssamı Asəf Cəfərovun anadan olmasının 90 illiyi münasibətilə sərgi açılıb.
Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov, İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elnur Hüseynov və Ağsu İcra Hakimiyyəti başçısının müavini Sevil Mirzəyeva çıxış edərək rəssamın həyat və yaradıcılığı, tədbirin əhəmiyyəti barədə söz açıblar.
Qeyd olunub ki, ilk dəfə bu layihə 2015-ci ildə nazirliyin bölgələrdə milli təsviri sənətin təbliği, əhalinin bədii və estetik zövqünün yüksəldilməsi məqsədilə həyata keçirdiyi layihənin davamı olaraq təşkil edilib.
Bildirilib ki, Asəf Əli İskəndər oğlu Cəfərov 1927-ci ildə Bakıda anadan olub. 1950-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, 1957-ci ildə B.İ.Surikov adına Rəssamlıq İnstitutunu bitirib. 1957-ci ildə institut tərəfindən Hindistan və Pakistana yaradıcılıq ezamiyyətinə göndərilib.
Görkəmli fırça ustası “Ə.Vahid”, “V.Mustafazadə”, “S.Bəhlulzadə”, “Arif Məlikov”, “Cəfər Cabbarlı”, “Vəcihə Səmədova”, “Rəşid Behbudov” və s. portretlərin, Abşeron mənzərələri silsiləsinə daxil olan “Abşeron”, “Daş hasarlar”, “Maştağa kəndi”, “Abşeronun qızıl qumları”, “Bakıda qış”, “İsti gün", “Qış”, “Əncir kolu”, “Bahar”, “Axşam motivi” və s. əsərlərin müəllifidir, tarixi janrda “Nəsimi azad düşüncəlilərin məclisində”, “Oyanış” əsərlərini işləyib.
Rəssam yaradıcılıq ezamiyyətlərində olduğu xarici ölkələrdə (İtaliya, Avstriya, Almaniya və s.) tablolar yaradıb, bir sıra beynəlxalq sərgilərin iştirakçısı olub. Avstriyada Dünya Təsviri Sənət Sərgisində (1980) Qran pri mükafatı qazanıb. Asəf Cəfərov 2000-ci ildə vəfat edib.
Sərgidə rəssamın “Qurzuf”, “Təlatümlü Xəzər”, “Yağışlı gün”, “Şərq musiqiçiləri” əsərləri nümayiş olunur.