İctimai Televiziyada “Partizan Luçano” sənədli publisistik filminin premyerası olub. II Dünya müharibəsində böyük şücaət göstərmiş azərbaycanlı döyüşçü, İtaliyada antifaşist hərəkatında “Luçano” ləqəbi ilə tanınmış Məmməd Ağaş oğlu Xəlilovun həyatından bəhs edən filmin quruluşçu rejissoru Taleh İsmayıl, ssenari müəllifi, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribovdur.
   
   Ukrayna cəbhəsində xidmət edən Məmməd Xəlilov ağır yaralanaraq almanlara əsir düşür və hərbi əsirlər eşelonunun tərkibində əvvəlcə Almaniyaya, sonra İtaliyaya göndərilir. Pyaçentsa şəhəri yaxınlığında yaranmış fürsətdən istifadə edərək partizanlara qoşulur.
   Filmdə İtaliya Müqavimət Hərəkatının iştirakçısı, “Vətənpərvər sertifikatı”na layiq görülmüş 92 yaşlı Xançoban Cəfərov, M.Xəlilova həsr edilmiş “Talelər qovuşan yerdə” kitabının müəllifi Ruhulla Zahidov, 2009-cu ildə Florensiyada nəşr edilmiş “Azərbaycan partizanları İtaliyada” kitabının (tərcüməçi professor Renato Rizaliti) müəllifi, politoloq-publisist Ruqiyə Əliyeva, Bakıdakı Ukrayna İcmasının sədri Aleksandr Zareçnıy, İtaliyanın ölkəmizdəki səfirliyinin konsulu Martino Marko Çito, Məmməd Xəlilovun övladları və başqaları çıxış edir.
   “Partizan Luçano” filmi Bakıda və qəhrəmanın vətənində - Sabirabad rayonunun Cavad kəndində çəkilib.