Avqustun 2-si Azərbaycan kinosunun 113 yaşı tamam oldu. Milli kinomuz bu illər ərzində uğurlar əldə etməklə yanaşı böyük bir kino salnaməsi yaradıb. Bu tarixin içində tamaşaçı yaddaşında iz qoymuş yüzlərlə kino qəhrəmanları yaşayır. Əlamətdar günlə bağlı milli kinomuzda özünəməxsus əməyi olan şəxslərdən bir neçəsinin ürək sözlərini dinlədik.
   
   Aydın Kazımzadə (kinoşünas, Əməkdar incəsənət xadimi):
   
   - Hər il avqustun 2-si gələndə mənim üçün ikiqat bayram olur. Əvvəla, ona görə ki, bir kino işçisi kimi bu bayram mənə də şamil olunur. Həmin gün kinoda işlədiyim 48 il müddətində olub keçənləri, insanları yad edirəm. Həmin gün mənə həm də ona görə əzizdir ki, bu tarixi üzə çıxarıb sübuta yetirəndən sonra ulu öndər Heydər Əliyevin sərəncamı ilə 2 avqust Milli kino günü kimi təsdiq olundu.
   Bu il ərzində xeyli iş görmüşəm. “Azərbaycan kino ensiklopediyası”nın 1-ci cildi çapa verilib. Çox güman ki, oktyabr-noyabr aylarında biz onu təqdim edəcəyik. Uzun illər topladığım materiallar əsasında “C.Cabbarlı və kino” adlı kitab üzərində işləyirəm. Kitab yekunlaşmaq üzrədir. Xalq artisti Elmira Şabanova haqqında kitab da artıq hazırdır. Səhhətim imkan versə, yarımçıq qalmış işləri də davam etdirəcəyəm. Bir kino işçisi kimi kinomuza xidmət mənim üçün şərəfli və zövqlü bir işdir. Bütün həmkarlarımı bu gün münasibətilə təbrik edirəm.
   
   Samir Kərimoğlu (rejissor): 
   
   - Rejissorun kino təbriki nə ola bilər? Daha çox film çəkilsin, kinomuza yeni adlar gəlsin, yaradıcı rəqabət olsun. Biz də bundan yararlanaraq daha çox və daha yaxşı ekran əsərləri çəkək. Arzu edirəm, kinomuza istedadlı gənclər gəlsin. Gənclərin bugünkü inkişafı kinonun sabahkı uğurudur. Artıq ənənə halını almış və hər il keçirilən “Bu meydan, bu ekran” kino layihələri müsabiqəsi də gənclərin kinoya gəlməsində önəmli rol oynayır. Müsabiqənin builki qaliblərini də təbrik edirəm.
   Növbəti illərdə müxtəlif janrda, mövzuda, yeni müəllif (rejissor) yanaşması olan Azərbaycan filmlərini görmək istərdim. Elə filmlər ki, beynəlxalq kino mühitinə çıxmaqla bərabər kinoprokatda da uğur qazansın. Əgər bu gün biz film çəkərkən digər ölkələrdən kino mütəxəssisləri dəvət ediriksə, arzu edirəm, bizim kino işçilərimiz də ən nüfuzlu layihələrdə çalışsınlar, ən böyük xarici kinoşirkətlər tərəfindən dəvət alsınlar. Məncə, kino işçisi üçün bundan dəyərli heç nə ola bilməz. Çünki, digər sahələrdə olduğu kimi, kinoda da sənət mübadiləsi birbaşa inkişafa aparır. Növbəti illərdə “Oskar”, “Qızıl palma budağı”, “Qızıl şir” və s. kino mükafatları milli kinomuzun masasını bəzəsin”.
   
   Tahir Əliyev (rejissor):
   
   - Son 5-6 ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilən sənədli filmlərin sayı xeyli artıb. Kəmiyyətlə yanaşı, keyfiyyət də yüksəlib. “Salnamə” kinostudiyasında son 3 ildə 20-dək beynəlxalq müştərək filmlər istehsal olunub. Filmlərimiz 10-a yaxın beynəlxalq festivalda mükafatlar alıb. Bu irəliləyişin müsbət göstəriciləridir.
   Azərbaycan kinosuna səmimiyyət dolu ssenarilər arzu edirəm. Bu gün kinoda arzularını və planlarını həyata keçirən kino işçilərinin bayramıdır. Onları təbrik edirəm.
   
   Şamil Əliyev (rejissor):
  
 
   - Bütün həmkarlarımı milli kinomuzun 113 yaşı münasibəti ilə təbrik edirəm. Arzu edirəm ki, günlərini çəkiliş meydançalarında keçirsinlər. Kino onu sevənlərin, bu sənətin vurğunu, fanatı olan insanların meydanıdır. Arzu edirəm ki, bu meydan hər zaman dolu olsun.

   Yeganə Cansail