Sentyabrın 11-də Prezident İlham Əliyevin sərəncamı ilə İlham Mədətov Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru təyin olunub. ATMU-da keçirilən tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev yeni rektoru kollektivə təqdim edərək ona uğurlar arzulayıb.
   Vaqif Əliyev diqqətə çatdırıb ki, İlham Mədətov Gənclər və İdman Nazirliyində çalışaraq ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsində, bir sıra beynəlxalq yarışların, tədbirlərin təşkil olunmasında yaxından iştirak edib. O, I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin üzvü, 2008-ci il Pekin, 2012-ci il London və 2016-cı il Rio Olimpiya Oyunlarında Azərbaycanın idman nümayəndə heyətinin rəhbəri olub. Nazirin birinci müavini İlham Mədətovun ATMU-nun rektoru vəzifəsində də uğurlu fəaliyyət göstərəcəyinə ümid etdiyini deyib.
   Vaqif Əliyev Azərbaycan Turizm və Menecment Universitetinin ölkəmizdə turizm təhsilinin dünya standartları səviyyəsinə çatdırılması istiqamətində həyata keçirdiyi işlərdən danışıb. Bildirib ki, son illər Azərbaycanda turizm sənayesinin inkişafı ilə bağlı atılan addımlar ölkəmizə gələn turistlərin də sayının artmasına müsbət təsir göstərib. Ölkəmizdə mövcud olan turizm obyektlərində turistlərə yüksək səviyyədə xidmət göstərilməsi üçün savadlı yerli kadrlara ehtiyac var. 
   Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan ATMU ötən illər ərzində bu istiqamətdə nailiyyətlər əldə edib. Ali məktəbin Avstriyanın İMC Krems Universiteti ilə ikili diplom proqramı, eləcə də tələbələr üçün turizm sənayesi inkişaf etmiş ölkələrdə təcrübə keçmək imkanının yaradılması təhsilin inkişafına təkan verir. ATMU-nun məzunları ölkəmizin turizm sənayesi ilə yanaşı bir sıra xarici ölkələrdə də çalışırlar. 
   Vaqif Əliyev ATMU-nun gələcək fəaliyyəti ilə bağlı böyük gözləntilərin olduğunu qeyd edərək kollektivə yeni tədris ilində uğurlar arzu edib.
   Daha sonra çıxış edən İlham Mədətov ona göstərilən böyük etimada görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib. Bildirib ki, bundan sonra fəaliyyətini bu ali məktəbin daha da inkişaf etməsinə həsr edəcək.
   
   Fariz