Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Bərdə rayon Mədəniyyət mərkəzində sentyabrın 15-də ilk dəfə qeyd olunacaq kino mövsümünün açılışı ilə bağlı müşavirə keçirilib. Tədbirdə idarənin Bərdə, Tərtər rayonlarında və Yevlax, Mingəçevir şəhərlərində çalışan mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.
Regional idarənin rəisi İlyas Hacıyev və digər çıxış edənlər gələn il Azərbaycan kinosunun 120 illiyinin qeyd ediləcəyini bildirərək dövlət tərəfindən bu sahəyə göstərilən qayğı, milli kinonun inkişafı istiqamətində görülən tədbirlərdən söz açıblar. Regionlarda film nümayişi işinin təşkili və inkişaf etdirilməsi ilə bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən müvafiq əmr imzalandığı diqqətə çatdırılıb. Bildirilib ki, regionlarda filmlərin nümayiş etdirilməsində Dövlət Film Fondu və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası yaxından iştirak edəcək.
Sonra ötən əsrin sonlarında istifadə edilən kinoaparat vasitəsilə film nümayiş etdirilib. Tədbir iştirakçıları Mədəniyyət mərkəzinin foyesində təşkil olunan retro kinoaparatlar və ləvazimatlardan ibarət sərgiylə tanış olublar.
Kolleksiyanın sahibi İbrahim Cəfərov iştirakçılara 8, 16, 35 millimetrlik lentlər, müxtəlif retro kinoqurğuları barədə məlumat verib.