Maestro Niyazinin 105 və görkəmli türk bəstəkarı Əhməd Adnan Sayqunun 110 illiyinə həsr olunur
Bu il musiqi ictimaiyyəti görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq mükafat laureatı Niyazinin 105, görkəmli türk bəstəkarı, musiqişünas, pedaqoq, türk musiqi tarixində ilk operanın müəllifi Əhməd Adnan Sayqunun anadan olmasının 110 illiyini qeyd edir.
XX əsr Azərbaycan musiqi mədəniyyətindən söz açarkən, qüdrətli dirijor və bəstəkar, Hacıbəyovlar nəslinin ən parlaq nümayəndələrindən biri Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyovun - hamının qısaca Maestro adlandırdığı böyük şəxsiyyətin adı ön sıralarda çəkilir.
Dmitri Şostakoviçin sərrast ifadəsi ilə desək: “Niyazinin hər bir işdə bərq vuran istedadı ona yaradıcılığının bütün istiqamətlərində öz tutarlı sözünü deməyə, silinməz iz qoymağa gözəl imkan yaratmışdır”.
Niyazi dirijor kimi Azərbaycan musiqisində yaranmış yeni əsərlərin geniş təbliğində, beynəlxalq aləmdə şöhrət qazanmasında müstəsna xidmətlər göstərmişdir. Bir bəstəkar kimi də yaradıcılığı səmərəli olmuşdur. Onun “Xosrov və Şirin” operası, “Rast” simfonik muğamı, “Çitra” baleti və onlarla irili-xırdalı əsəri, kino və dram əsərlərinə yazdığı nümunələr musiqi xəzinəmizin dəyərli inciləridir.
Bu yazıda biz Maestronun dostu, məsləkdaşı, görkəmli bəstəkar Əhməd Adnan Sayqunun həyat və yaradıcılıq yoluna nəzər salmaq istərdik.
* * *
Adnan Sayqun türk musiqi tarixinə musiqi beşliyi kimi daxil olmuş bəstəkarlardan (Camal Rəşid Rey, Hasan Ferit Alnar, Ülvi Cemal Erkin, Necil Akseslə yanaşı) biri idi. O, 1907-ci il sentyabrın 7-də İzmirdə dünyaya gəlmişdi. Atası Mahmud Cəlaləddin bəy ixtisasca riyaziyyat müəllimi idi. Həmçinin İzmir Milli Kitabxanasının qurucularından olub.
Adnan çox kiçik yaşlarından musiqi dünyasının cazibəsi altında idi. Müxtəlif alətlərdə ifa etməyi də özbaşına öyrənmişdi. Əvvəlcə mandalina alətində ifa etməyi öyrənir və sonradan bir virtuoz kimi ud çalmağa başlayır. Musiqi biliklərinə məktəbdə oxuduğu zaman yiyələnir. Müəllimi İsmayıl Zühtidən nəzəriyyə dərsləri alır və onun məktəbdə təşkil etdiyi xorda oxuyurdu. Roşali, daha sonra isə macar əsilli Tevfiq bəydən piano dərsləri alan Adnan pianonun aşiqinə çevrilir. Gecə-gündüz pianonun başından ayrılmır, əlinə keçən bütün notları hava-su kimi udmağa çalışardı. Onun ilk bəstəkarlıq nümunələri də bu zaman meydana gəlmişdi. 12 yaşında ikən “Maderle peder olub bahane, sevketti kaza beni cihane...” mahnısında ifadə etdiyi həyat və insan taleyi mövzusu sonradan bütün yaradıcılığı boyu əsərlərinin əsas ideyasını təşkil edir.
1925-ci ildə Adnan Sayqun fransızca “La Grande Encyclopedie”dən musiqi ilə bağlı məqalələri tərcümə edərək bir neçə cildlik musiqi lüğəti hazırlamışdı. Həmin ildə Adnan əvvəlcə İzmirdə ibtidai məktəbdə, sonra isə qabiliyyət imtahanı verib Oğlanlar liseyində musiqi müəllimi kimi işləməyə başlayır.
1927-28-ci illərdə “Re major simfoniyası”nı bəstələyir. 1928-də dövlətin musiqi istedadı olan gənclər üçün keçirdiyi təkrar sınaqda bu dəfə fürsəti əldən vermir, təqaüd qazanaraq təhsil üçün Parisə göndərilir. Parisdə “Schol Contorum”da Vensan d`Endidən kompozisiya dərsləri alır. Təhsil illərində “Divertimentolog” (1930) - dümbək və saksafonlu böyük orkestr üçün əsərini bəstələyir. Əsər Parisdə keçirilən beynəlxalq müsabiqədə mükafat qazanır, Parisdə, sonra Varşavada, eləcə də Rusiya, Belçika və s. ölkələrdə müvəffəqiyyətlə ifa olunur. Bu, Camal Rəşid Reyin Parisdə ifa olunan 3 əsərindən (“Anadolu türküləri”, 1927; “Bebek əfsanəsi”, 1928; “Türk mənzərələri”, 1929) sonra ölkə xaricində ifa olunan 4-cü türk əsəri idi.
1931-ci ildə A.Sayqun Türkiyəyə qayıdır və Musiqi Müəllimləri Məktəbində pedaqoji fəaliyyətə başlayır. 1934-cü ildə ölkə başçısı Atatürkün sifarişi ilə ilk türk operası olan “Özsoy” operasını yazır. Həmin ildə Dövlət Simfonik Orkestrinə dirijor təyin edilir. Atatürkdən yeni bir opera yazmaq tapşırığı alır. Onun 27 dekabr 1934-cü il tarixində Ankarada səhnəyə qoyulan “Taş bebek” operası yeni Cümhuriyyət insanının doğuşuna həsr olunmuşdu.
1936-1939-cu illərdə A.Sayqun İstanbul Bələdiyyə Konservatoriyasında müəllimlik edir. 1936-cı ildə Türkiyəyə gələn macar bəstəkarı Bela Bartokla Anadolunu səyahətə çıxır. Birlikdə türkülərin toplanması və nota alınmasında iştirak edir. Sonra bu işlər “Bela Bartokun Türkiyədəki xalq musiqisi araşdırmaları” adlı kitabı şəklində ingilis dilində nəşr olunur.
1939-cu ildə bəstəkar Halkevlerinə (mədəni-maarif ocaqları şəbəkəsi - red.) müfəttiş vəzifəsinə qəbul olunur və bütün Türkiyəni dolaşır. 1940-cı ildə Halkevlərində işi ilə yanaşı, “Türk Musiqi Birliyi” adlı xor kollektivi qurur və bu xorla konsertlər verir. “Halkevlerində musiqi” adlı kitabı çapdan çıxır. “Eski üslubda kantat”, “Bir orman masalı” adlı baletləri, “Yunus Əmrə” oratoriyalarını da burada işlədiyi dövrlərdə yazır. Oratoriya 1943-cü il müsabiqəsində Ülvi Camal Erkinin piano konserti və Hasan Ferit Alnarın viola ilə konserti ilə birgə 1-ci yeri qazanır. Onun yaradıcılığının ən məşhur əsəri olan bu bəstəsi daha sonra 1958-ci ildə Parisdə, BMT-nin ildönümü münasibətilə konsertdə Leopold Stokovskinin idarəsi ilə ifa olunur. Bu uğurlu işindən sonra bəstəkar Londona, Parisə dəvətlər alır, konfranslar təşkil edir.
A.Sayqun “Yunus Əmrə” oratoriyasından sonra “Kərəm”, “Koroğlu”, “Gilqameş” operalarını, “Atatürk və Anadoluya dastan” xor əsərini, 5 simfoniya, konsertlər, orkestr, xor, vokal və instrumental əsərlər bəstələmişdir. Musiqiyə dair kitabların, məqalələrin, tədqiqatların müəllifi olmuşdur.
O, 1955-ci ildə Folklor Tədqiqatları İnstitutunu yaradanlardan biri idi, 1964-72-ci illərdə Ankara Konservatoriyasında kompozisiya, sonradan İstanbul Dövlət Konservatoriyasında etnologiya və kompozisiya dərsləri verir. 1971-ci ildə Türkiyənin “Dövlət sənətçisi” fəxri adına layiq görülür.
* * *
Maestro Niyazi ilə Adnan Sayqunun tanışlığı 60-cı illərə təsadüf edir. 1963-cü ilin əvvəllərində Niyazi türk bəstəkarları A.Sayqun və Camal Erkinin müəllif konsertlərində iştirak edir. Niyazinin məharətli idarəsi ilə yanvarda Bakıda, fevralda Moskvada A.Sayqunun III simfoniyası və fortepiano konserti, C.Erkinin II simfoniyası və skripka ilə orkestr üçün konserti səslənir. Əsərlər musiqi ictimaiyyəti və dinləyicilər tərəfindən böyük maraqla qarşılanır.
1963-cü ilin axırlarında isə Niyazi Türkiyəyə gedir və Ankara Dövlət Simfonik Orkestrinin və Opera Teatrının kollektivləri ilə yaradıcılıq ünsiyyətində olur. Onun dirijorluğu ilə A.Sayqunun III simfoniyası, fortepiano konserti də səslənir. Fortepiano konserti Türkiyədə ilk dəfə ifa edilirdi.
A.Sayqun yazırdı: “Niyazi ölkəmizə gəlmiş ilk sovet dirijorudur. Onun ecazkar istedadı və böyük bədii erudisiyası var. Mən bunu Sovet İttifaqına səfərim zamanı gözəl sənətkarın ifaçılığını görərkən yəqin etmişəm. Əsərlərimi başa düşdüyünə və ustalıqla ifa etdiyinə görə Niyaziyə səmimi minnətdarlığımı bildirmək istəyirəm. Niyazinin çıxışlarından aldığımız əsl zövqə görə ona təşəkkür edir və sovet musiqisinin elçisi kimi onu salamlayıram”.
Musiqi tənqidçisi Orxan Tanrıqulu yazmışdı: “Hansısa səbəbə görə isə Niyazinin çıxışlarını dinləyə bilməyənlər məni sözün əsl mənasında məyus etmişlər. Çünki kim bilir, musiqisi belə başa düşülməklə, belə ilham və dərinliklə ifa edilmiş Çaykovskini biz bir də nə vaxt eşidəcəyik?”
Adnan Sayqun ilə Niyazinin növbəti əməkdaşlığı 70-ci illərə təsadüf edir. 1973-cü ildə Niyazi yenidən Türkiyəyə dəvət alır. İstanbulda Beynəlxalq musiqi festivalı günlərində onun rəhbərliyi altında A.Sayqunun “Koroğlu” operası ilk dəfə tamaşaya qoyulur və bəstəkarın “Yunus Əmrə” oratoriyası ilk dəfə ifa edilir. Bu faktın misilsizliyini qeyd etmək lazımdır. Türkiyə bəstəkarının vətənində onun musiqisinin ilk ifası Niyaziyə etibar edilmişdi. Bununla əlaqədar A.Sayqunun dediyi sözlər olduqca maraqlıdır: “Mənə İstanbulda keçiriləcək musiqi festivalı münasibətilə “Koroğlu” operasını yazmaq təklif ediləndə, irəli sürdüyüm ilk və təbii şərt bu oldu ki, operanın tamaşaya hazırlanmasında musiqi rəhbərliyi üçün Niyazi dəvət edilməlidir. Mən bu gözəl sənətkarın nadir istedadını yüksək qiymətləndirirəm, onu zəmanəmizin ən böyük dirijorlarından biri sayıram”.
Adətən bir dirijorun səviyyəsinin yüksəkliyini göstərmək üçün onun hər hansı bəstəkarın duyğu və düşüncələrini dəqiq şəkildə dinləyiciyə çatdırmasından bəhs edilir. Lakin Niyazi qeyri-adi bir dirijor olduğu üçün o, çox vaxt ifa etdiyi əsərdə bəstəkarın özünün də təxmin etmədiyi dərin məna və gözəllikləri hiss edib aşkara çıxararaq dinləyiciyə təqdim edir, beləcə, əsərin müəyyən dərəcədə həmmüəllifinə çevrilirdi. Niyazi yaradıcılığının bu özəlliyi türk bəstəkarlarının öz əsərlərinin yozumunu ona tamamilə etibar etməsinə səbəb olmuşdur. Bunu dəfələrlə türk bəstəkarları özləri də etiraf etmişlər.
A.Sayqunun “Koroğlu” operasını və “Yunus Əmrə” oratoriyasını Niyazinin ustalıqla təfsir etməsi İstanbulda beynəlxalq musiqi festivalının mərkəzi hadisəsinə çevrilir.
Türkiyənin görkəmli musiqi xadimi, bəstəkar və nəzəriyyəçi Bülənt Tərcan yazırdı: “Bizim öz Adnan Sayqunumuz var, lakin təəssüf ki, öz Niyazimiz yoxdur. Opera sənətimiz adından, bütün türk musiqisi adından mən Niyaziyə hədsiz minnətdarlığımı bildirmək və demək istəyirəm: yaşa, min yaşa, Niyazi!”
Rza Bayramov
Niyazinin mənzil-muzeyinin müdiri
Xanım Abdinova
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri