Naxçıvanlı gənc rəssamın Bakıda sənətsevərlərlə görüşü
   
   Sentyabrın 11-də Xətai Sənət Mərkəzində Naxçıvan Muxtar Respublikasında yaşayan gənc rəssam Səbrəli Nəbiyevin “Aydınlığın rəssamı, rəssamın aydınlığı” adlı fərdi sərgisinin açılışı oldu. 
   Naxçıvan Rəssamlar Birliyinin təşkilati dəstəyi və “Cahan Holding”in sponsorluğu və keçirilən sərgidə rəssamlar, sənətsevərlər iştirak edirdilər. 
   Tədbiri aktyor Faiq Mirzəyev açaraq qonaqlara müəllif haqqında bilgi verdi. Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun əməkdaşı Anar Qurbanov, Xalq rəssamı Arif Hüseynov, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev, Xalq artisti İlham Namiq Kamal, Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, “Cahan Holding”in nümayəndəsi Vüqar Məmmədov çıxış edərək gənc rəssama uğurlar dilədilər. 
   Sərgidə müəllifin 60-dan çox əsəri nümayiş olunur. Rəssam yağlı boya, qara qələm və s. texnikalar ilə əsərlər yaradıb. 
   Bildirək ki, S.Nəbiyev 1995-ci ildə Naxçıvanın Əliabad qəsəbəsində doğulub. Naxçıvan şəhər 16 saylı orta məktəbdə oxuyub, Heydər Əliyev adına Uşaq və Gənclər Yaradıcılıq Mərkəzində sənətin sirlərinə yiyələnib. Təhsil aldığı orta məktəbdə, Uşaq və gənclər yaradıcılıq mərkəzində və Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda fərdi sərgiləri keçirilib. Hazırda Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsində oxuyur.
   
   S.Qaliboğlu