Polşa Respublikasında səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov sentyabrın 7-də Varşavada Azərbaycan Xalq Cümhuriyyəti dövrünün hərbi xadimləri general-leytenant Süleyman bəy Sulkeviç və polkovnik Vəli bəy Yadigarın xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, mərasimdə Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşları, Polşa Silahlı Qüvvələrinin, Xarici İşlər Nazirliyinin təmsilçiləri, Polşa Seyminin deputatları, veteranlar təşkilatının, şəhər administrasiyası və ictimaiyyətin nümayəndələri, diasporumuzun üzvləri iştirak ediblər.
Müdafiə naziri tarixən sıx olan Polşa-Azərbaycan münasibətlərindən danışaraq, bugünkü tədbirin rəmzi əhəmiyyət daşıdığını və iki ölkə arasında hərbi əməkdaşlığın inkişafında mühüm rol oynayacağına əminliyini ifadə edib.
Tədbirdə çıxış edənlər general-leytenant Süleyman bəy Sulkeviçin (Matsey Aleksandroviç Sulkeviç) 1919-cu ilin martından 1920-ci ilin fevralınadək Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Baş Qərargah rəisi vəzifəsində xidmətdə olarkən milli hərbi hissələrin yaradılması və ölkənin müdafiə sisteminin qurulmasında mühüm xidmətlərindən ətraflı bəhs ediblər.
Həmçinin Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabiti Vəli bəy Yadigarın 1920-ci ildə bolşevik işğalından sonra Polşaya mühacirət etməsi, Mazovetski süvari briqadasının qərargah rəisi vəzifəsində xidməti, Armiya Krayovanın tərkibində alay komandiri kimi Varşava üsyanında iştirakı və digər maraqlı faktlar mərasim iştirakçılarının diqqətinə çatdırılıb.