Dünya təsviri sənət tarixinin ən məşhur nümunələrindən biri görkəmli Norveç simvolist və ekspressionist rəssamı Edvard Munkun (1863-1944) “Qışqırıq” əsəridir. Əsər 1893-cü ildə çəkilib, indi Norveç Milli Qalereyasında saxlanılır. Əsər rəssamın həyat, məhəbbət, qorxu, ölüm, melanxoliya və həyəcan mövzularından bəhs edən "Həyatın frizi" seriyasına daxildir.
Tablo haqqında müxtəlif fikirlər var: rəssam bunu özündənmi yaradıb, yoxsa gördüyünü çəkib?
Munkun bu əsəri heç də dəhşətin qarabasma halında ifadəsi deyil, gerçək bir hadisənin kətan üzərində əksidir. Əsərdə Ekeberq təpələrinə gedən yol təsvir olunub. 22 yanvar 1892-ci ildə Munk bu barədə öz gündəliyində yazır: “Mən iki yoldaşımla gəzintiyə çıxmışdım. Günəş qüruba doğru yaxınlaşırdı. Bu vaxt birdən səma qıpqırmızı rəngə boyandı, məni qəribə kədər bürüdü. Şəhərin üstündəki tünd-mavi səmada sanki alov dilləri oynayırdı. Dostlarım yollarına davam eləsələr də, mən yerimdə donub qalmışdım. Qorxudan titrəyərək təbiətin dəhşət dolu qışqırtısını bütünlüklə eşidirdim”.
Rəssam yazdığı qeydlərdən birində deyir ki, 1893-cü ildə yaradılmış “Qışqırıq” əsəri onun 1884-cü ildəki xatirələri əsasında çəkilib. Bəs nəyə görə Munk üstündən 9 il keçəndən sonra bu hadisəni rəsmə çevirməyi qərara alıb?
Fizik Rassel Dyoşer və astrofizik Donald Olson yalnız 2003-cü ildə buna aydınlıq gətiriblər. 1883-cü ilin avqustunda İndoneziyada 36 min insanın ölümü ilə sonuclanan Krakatau vulkanı püskürüb. Nəticədə atmosferin yuxarı təbəqələrinə vulkanik mənşəli kül yığılıb ki, bu da günəş şüalarının təsirilə qürub zamanı səmada al-qırmızı rəngin əmələ gəlməsinə səbəb olub. Bu qeyri-adi hadisə dünyanın müxtəlif yerlərində görünmüşdü. İngilis rəssam Vilyam Eskroft da Temza sahilində bu qeyri-adi qürubu müşahidə elədiyini yazmışdı. Pensilvaniya ştatındakı qəzetlərdən birində isə göydə Amerika bayrağındakına bənzər zolaqların görünməsi barədə yazı getmişdi. Bir sözlə, vulkanın izlərini 1883-cü ilin noyabrından 1884-cü ilin fevralına qədər Norveç daxil olmaqla dünyanın müxtəlif yerlərində insanlar səmada müşahidə etmişdilər. Beləliklə, Krakatau vulkanının nəinki atmosferə, eləcə də incəsənətə də böyük təsiri olub.
Mütəxəssislərin sözlərinə görə, əsərdə ön planda çəkilən obraz əslində Munkun özüdür. Rəssamın cizgiləri burda tam əks olunmasa da, dəhşəti yaşayan hər bir insana xas cizgilər obrazda aydın təsvir edilib. Munkun yaradıcılığını araşdıranlar bildirirlər ki, uzunsov, sərt formada olan baş və ona sıxılmış əllər həmin çağlarda Fransa muzeylərində insanlara təqdim olunan “Peru mumiyası”dan götürülüb.
Əsərdə diqqətçəkən başqa məqam da var: əsas obrazdan - Munkdan uzaqlaşan dostlar. Bu, əsərdə tənhalıqdan doğan qışqırtını daha da artırır.
Alman incəsənət tarixçisi Ulrix Bişofa görə, Munkun yaradıcılığındakı kölgə elementi, keçmişi və ölümü ifadə edir. Bu onun uşaqlıq xatirələriylə bağlıdır.
Rəssam “Qışqırıq” əsərini 1893-cü ildə iki dəfə, 1895-ci ildə yenidən iki dəfə, 1910-cu ildə isə sonuncu kərə, beləliklə, 5 dəfə çəkib. Yuxarıda qeyd etdiyimiz kimi, əsərin ilk variantı Norveç Milli Qalereyasında qorunur. 1895-ci ildə kətan üzərində pastel ilə çəkilən variant 2012-ci ildə “Sotheby`s” hərracında 120 milyon dollara satılıb. Əsərin 1910-cu ildə tempera ilə kətan üzərində çəkilən variantı 2004-cü ildə Munk muzeyindən oğurlansa da, 2006-cı ildə tapılıb.
S.Qaliboğlu