Klassik tar ifaçılarımızdan Şirin Axundovun adı milli musiqimizin yorulmaz təbliğatçıları Məşədi Zeynal və Qurban Pirimovun adları ilə yanaşı çəkilir. Onun ifaçılıq qabiliyyəti ölkəmizdən uzaqlara da gedib çıxıb.
   Şirin Məşədi Hüseyn oğlu Axundov (Səlyanlı Şirin) 1878-ci ildə Salyan şəhərində anadan olub. Yeniyetməliyindən musiqiyə maraq göstərir, on beş yaşında tar çalmağı öyrənir. Mənbələrdə qeyd olunur ki, günlərin birində görkəmli xanəndə Cabbar Qaryağdıoğlu Salyana toy məclisinə gəlir. Məclis başa çatdıqdan sonra musiqi həvəskarları sənətkardan Şirinin tar ifasını dinləməyi xahiş edirlər. Gənc tarzənin məharətli ifasını bəyənən xanəndə onu Bakıya dəvət edir. Məsləhət görür ki, tarzənlik sənətini davam etdirsin. Görkəmli sənətkarın məsləhəti Şirinin sənətə həvəsini daha da artırır. Anası Zərəfşan xanımla Bakıya gəlir, C.Qaryağdıoğlunu tapırlar. O gün gənc tarzəni özünün musiqi heyətinə qəbul edir. Şirin məclislərdə xanəndənin gözəl və yanıqlı guşələrinə diqqət yetirir. Evdə təkrar-təkrar səsləndirir.
   Şirin Axundov Bakı kəndlərində toy məclislərinə qatılır. Xüsusilə bakılı xanəndələrdən Məşədi Məmməd və Əli Sahibi tarda müşayiət edir. Məclislərin birində Məşədi Hüseynqulu adlı tacirlə tanış olur. Onun vasitəsilə Hacı Zeynalabdin Tağıyevin “Güzgülü zalı”nda qurulan məclislərə gedir. Məclislərin birində dövrün tanınmış tarzənlərindən olan Mərdi Canıbəyovla tanış olur. M.Canıbəyov ona sənətkarlıq bacarığını artırmaq üçün kömək edir. 
   Araşdırmalarda göstərilir ki, Ş.Axundov Şəkili Ələsgərlə də əməkdaşlıq edib. Bir gün Ələsgər M.Canıbəyovgilə gəlir. Evə yaxınlaşanda həmişəki kimi evdən tar səsi eşidir. Ancaq bu dəfə tarın səsi, vurulan şirin barmaqlar onu təəccübləndirir. Ayaq saxlayıb pəncərədən tar səsini dinləyir. Nə qədər fikirləşir, tarçalanın kim olduğunu müəyyənləşdirə bilmir. Otağa daxil olanda təxminən iyirmi beş yaşında bir oğlanın tar çaldığını görür. Şirin Ələsgərlə uzun illər Cənubi Qafqazın şəhər və kəndlərində birgə çıxış edirlər. O zaman onların musiqi kollektivi Bakıda C.Qaryağdıoğlunun dəstəsindən sonra ikinci tanınmış kollektiv olur. Ələsgərin məlahətli səsi, Şirinin iti barmaqları dinləyiciləri vəcdə gətirir...
   Onu da deyək ki, Səlyanlı Şirinin milli teatrımızın inkişafında müəyyən xidmətləri olub. 1905-ci ilin dekabr ayında Bakıda Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsəri tamaşaya qoyularkən Şirin və xanəndə Ələsgər həmin tamaşanı musiqi ilə müşayiət ediblər. “Kaspi” qəzeti tamaşa haqqında verdiyi rəydə yazıb: “Tamaşanın bədii cəhətdən gözəl keçməsinə musiqiçilərdən Ələsgər və Şirinin zəhməti çox oldu. Onlar bir neçə musiqi havaları ifa etdilər”.
   Ş.Axundov uzun illər “Tağıyev teatrı”nda verilən tamaşaların fasilələrində tar çalır. Bir çox hallarda isə teatrın musiqiçilər orkestrinə rəhbərlik edir. Onun Azərbaycan opera sənətinin inkişafında da müəyyən rolu olub. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının ilk tamaşasında (12 yanvar 1908-ci il) orkestrin tərkibində əsas tarçalanlardan biri də Şirin Axundov idi.
   Şirin bütün muğamları tarda gözəl ifa etməkdə, xanəndə oxutmaqda usta olub. O, Şəkili Ələsgərlə yanaşı, müxtəlif vaxtlarda Seyid Mirbabayevi, İslam Abdullayevi, Cabbar Qaryağdıoğlunu, Bülbülü və son illərdə isə Seyid Şuşinskini tarda müşayiət edib. 
   Ş.Axundovun ifaçılığının səs-sədası Bakı ilə yanaşı, Tiflisdə, İrəvanda təşkil olunan konsertlərdə, musiqi gecələrində eşidilib. O həmçinin iki dəfə Şəkili Ələsgər və İslam Abdullayevlə birgə İrana səfər edib. Hər dəfə də tar ifaçılığı müsabiqələrində İranın görkəmli tarzənlərindən üstün olaraq qızıl medala layiq görülüb.
   Macarıstanın “Premer-Rekord” firması 1914-cü ildə Qafqaz musiqiçilərindən bir qrupunu Bakıya dəvət edir. Ş.Axundovun ifasında “Çahargah”, “Mirzə Hüseyn segahı”, “Hasar” və “Müxalif” muğamlarını qrammofon valına yazır. Eyni zamanda o, xanəndə İslamın ifasında 16 muğam, təsnif və el nəğmələrini tarda müşayiət edir. Azərbaycanda sovet hakimiyyətinin qurulduğu (1920) ilk vaxtlardan Şirin xalq musiqisi sahəsində səmərəli fəaliyyət göstərir. 1920 və 1921-ci illərdə Bakıda “Şərq konservatoriyası”nda tar müəllimi kimi çalışır. 1923-1926-cı illərdə “Qara şəhər”də və fəhlə klublarında tar dərnəyi açır. Öz təcrübəsini həvəskar fəhlə-gənclərə də öyrədir. Təbliğat qatarı ilə Azərbaycanın bir sıra şəhər və qəsəbələrində olur, zəhmətkeşlər qarşısında çıxışlar edir. 
   Görkəmli xanəndə və musiqişünaslar Ş.Axundovun tar ifaçılığını yüksək dəyərləndirib. Tarzən Qurban Pirimov deyib: “Cabbar Qaryağdıoğlu böyük məclislərə gedəndə Şirini də özü ilə aparardı. O, tar çalanda mən bir dinləyici kimi ona qulaq asmaqdan yorulmazdım. Hələ də onun “Mahur”da vurduğu şirin barmaqların, sanballı mizrabların sədası qulağımdadır...” 
   Şirin Axundov 1927-ci ildə, 49 yaşında vəfat edib. 
   
   Savalan Fərəcov