Ağır iş həftəsindən sonra yaxşı istirahət hər zaman arzulanandır. Mədəni istirahətin bir növü də kinoteatra getməkdir. Bildiyimiz kimi, hazırda paytaxt Bakıda və ümumilikdə respublikada fəaliyyət göstərən kinoteatrlar azdır. Bakıda bir neçə kinoteatrda ən yeni filmlər (premyeralar) nümayiş olunur. Bu ekran əsərləri isə son vaxtlaradək rus və ya ingilis dilində yayımlanırdı. İyulun 15-dən isə ölkədəki kinoteatrlarda filmlər Azərbaycan dilində (o cümlədən subtitrlə) nümayiş etdirilməlidir. Bəs bu məsələ kinoteatrlarda necə həll olunur?
Bu suala cavab tapmaq üçün öncə paytaxtın mərkəzindəki “Araz” kinoteatrında vəziyyətlə maraqlandıq. Kinoteatrın direktoru Nəriman Əzimov bildirdi ki, iyulun 1-dən filmlər Azərbaycan dilində nümayiş olunur: “Biz əsasən son illər çəkilən Azərbaycan filmlərini nümayiş etdiririk. Düzdür, bəzi köhnə filmlərimizi də göstəririk. “Günaydın mələyim”, “Cavad xan”, “Arxada qalmış gələcək”, “Qala”, “Yalan”, “Güllələnmə təxirə salınır”, “Biz qayıdacayıq”, “Həm ziyarət, həm ticarət”, “Fətəli xan” və s. filmlər artıq kinoteatra təqdim edilib. Xarici filmlərə də yer ayırırıq. Hələlik türk dilində dublyaj ilə. Çünki dublyaj elə də asan həll edilən problem deyil. Fəaliyyətdə olan bütün kinoteatrların birləşib vahid dublyaj studiyası yaratması məsələsi var. Ancaq bunun da maliyyə problemi var. Yeni çəkilmiş xarici filmləri öz dilimizə dublyaj etmək imkanı olsa, bu tamaşaçı axınına da müsbət təsirini göstərmiş olar”.
Daha çox premyera filmləri ilə tamaşaçı toplayan “Azərbaycan” kinoteatrının yayım üzrə koordinatoru Faiq Kazımov da xarici ekran əsərlərinin Azərbaycan dilində nümayişi ilə bağlı çətinliklərindən danışdı: “Biz adətən Amerika kino şirkətlərindən yeni istehsal olunmuş filmləri alırıq. Filmlərin bütün müəllif hüquqları da onlara məxsusdur. Buna görə də filmlərin subtitr və ya dublyaj prosesini yalnız həmin şirkət həyata keçirə bilər. İri kino şirkətləri bu işi etməkdən imtina edirlər. Çünki Azərbaycanda rəqəmsal kinoteatrların sayı azdır: “Park cinema” və “Azərbaycan” kinoteatrı. İki kinoteatr üçün bu işi görmək maddi baxımdan onlara sərfəli deyil. Həmçinin subtitr prosesi çətin prosesdir. Maliyyə də çox tələb olunur. Qeyd edim ki, bir filmin istehsalçı şirkət tərəfindən dublyajı 15-30 min manat arası başa gəlir. Subtitr bir qədər ucuz olduğundan hələlik bu variantı seçmişik. Yeni istehsal olunan filmin müəllif hüquqları həmin şirkətə məxsus olduğu üçün filmin mətnini də onlar bizə göndərməlidirlər. Hazırda əksər filmlər subtitrlərlə nümayiş olunur. Bəzi yeni filmləri ümumiyyətlə nümayiş edə bilməyəcəyik. Böyük kino şirkətləri üçün subtitr işi çox xırda iş hesab olunur. Buna görə də bacardığımız şirkətlərlə bu işi razılaşdırmışıq və hazırda yalnız həmin filmlər nümayiş olunur. Proses gedir və ümid edirəm ki, daha uyğun bir variantla problemi həll edəcəyik. Əgər köhnə filmləri nümayiş etdirməyə başlasaq, o zaman kinoteatrın reytinqi aşağı düşəcək və biz tamaşaçımızı itirəcəyik.
* * *
Kinoteatrlara gələn tamaşaçıların bir neçəsinin məsələyə münasibətini öyrəndik.
Nəsimi Babayev (31 yaş, operator) - Vaxtım və pulum olanda kinoteatra gəlirəm. Yorğunluğumu çıxarmaq üçün dostlarla daha çox komediyaya baxırıq. İndi baxdığım film də komediya idi. İlk dəfə idi ki, Azərbaycan dilində subtitrlərlə baxırdım. O qədər də bəyənmədim. Çünki komediyanın xüsusi məqamları var ki, başqa dilə düzgün tərcümə edilmədikdə karikatur formaya düşür.
Selcan Məmmədova (26 yaş, evdar qadın) - Tərcümədə çoxlu uyğunsuzluqlar vardı. Bu cür film nümayişi heç xoşuma gəlmədi.
Rəşad Həsənli (28 yaş, vəkil) - Bu prosesi öz dilimizə hörmət kimi qəbul edirəm. Bütün ölkələrdə kinoteatrlar filmləri öz dillərində nümayiş etdirirlər. Təbii ki, filmin orijinal dildə də nümayişi məqsədəuyğundur. Ancaq kütləvi nümayiş öz dilimizdə olmalıdır. Subtitrlərlə tərcümə də pis deyildi. Hələ yeni başladığımızı nəzərə alıram.
Sevda Nəsirova (32 yaş, müəllimə) - Dublyajın və ya tərcümənin keyfiyyətindən şikayətlənə bilərik. Lakin unutmayaq ki, uşaqları milli ruhda tərbiyə etməyin ilk şərtlərindən biri də doğma dilimizdir. Mən bu prosesin həyata keçirilməsini müsbət qiymətləndirirəm.
Kinoteatrların Azərbaycan dilində film nümayişi prosesi yeni başladığından təbii ki, müəyyən problemlər yaranır. Lakin bu iş yoluna düşdükcə həm dublyaja qulağımız vərdiş edəcək, həm də bu prosesin önəmini anlayacağıq.
Bir məsələni də qeyd edək ki, xarici ölkələrin film həftələri çərçivəsində də Azərbaycan kinoteatrlarında nümayiş olunacaq filmlər Azərbaycan dilinə dublyajla veriləcək. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, xarici ölkələrin kino həftələri çərçivəsində nümayiş olunacaq filmlərin danışıq mətnləri əvvəlcədən göndəriləcək və filmlərin tərcüməsi başa çatdırıldıqdan sonra bu tədbirlər təşkil olunacaq.
Milli dəyərlərə söykənməyin ilk göstəricilərindən biri də dilimizi qorumaq, onu zənginləşdirmək və bacardıqca daha çox təbliğ etməkdir.
Reyhan İsayeva