Sovet kinosunun görkəmli nümayəndələrindən biri olan Anatoli Papanov 1922-ci ildə Rusiyanın Vyazma şəhərində fəhlə ailəsində anadan olub. Sonra ailələri Moskvaya köçüb. Anatoli orta məktəb dövründən teatra maraq göstərmişdi, dram dərnəyinə yazılmışdı. Məktəbi bitirəndən sonra zavoda işə düzəlir, eyni zamanda “Kauçuk” teatr studiyasında məşqlərə gedir, həmçinin “Mosfilm”in çəkdiyi filmlərdə kütləvi səhnələrdə çıxış edir.
Böyük Vətən müharibəsi başlayanda bir çoxları kimi o da cəbhəyə yollanır. Cəbhədə ağır yaralanaraq ordudan tərxis olunur. Bir müddət sonra sənədlərini Moskva Teatr İnstitutuna verir və qəbul olunur. Tələbə olarkən Moskva Bədaye Akademik Teatrında bir sıra tamaşalarda müxtəlif rollar oynayır. İnstitutu bitirəndən sonra Litvaya, Klaypeda Rus Dram Teatrına təyinat alır. Sonra yenidən Moskvaya - Satira Teatrına dəvət edilir və ömrünün sonuna kimi burada çalışır.
1960-cı illərdə Papanovun kino karyerası başlayır. “Ölülər və dirilər” filmində oynadığı general Serpilin rolundan sonra o məşhurlaşır və müxtəlif filmlərə dəvət alır. “Avtomobildən qorun”, “Brilyant əl”, “12 stul”, ”Uğur centlemenləri”, “Don Kixotun uşaqları” , “Şikayət kitabını verin”, “Sabah gəlin” , “Tufana doğru gedirəm” və digər filmlərdə yaratdığı müxtəlif xarakterli rolları onu milyonların sevimlisinə çevirir. Aktyor həm də bir neçə nəslin sevimlisi olmuş “Bir dayan” (“Nu poqodi”) cizgi filmində Canavar obrazını səsləndirib.
Anatoli Papanovun kinoda axırıncı rolu “1953-cü ilin soyuq yayı” filmindəki Kopalıç obrazıdır. 1987-ci il avqust 5-də vəfat edən aktyora bu filmi ekranlarda görmək müyəssər olmadı.
Çingiz