Azərbaycana “Eurovision-2011” müsabiqəsində qalibiyyət gətirən təmsilçimiz Eldar Qasımov “Qorxma, mən səninləyəm” filminin ikinci hissəsində əsas rollardan birini ifa edəcək. Bu barədə “Exo Moskvı” radiostansiyasının “Difiramb” verilişinin qonağı olan müğənni, bəstəkar, Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.
   Verilişdə yaradıcılığı barədə danışan, dinləyicilərin suallarını cavablandıran P. Bülbüloğlu 1981-ci ildə Yuli Qusmanın quruluş verdiyi “Qorxma, mən səninləyəm” filminin davamı haqda da danışıb. O bildirib ki, filmdə üçlük - Polad Bülbüloğlu, Muxtarbek Kantemirov və Lev Durov illər sonra yenidən bir araya gələcək. Əsas rollardan birini isə Azərbaycanın “Eurovision-2011” təmsilçisi Eldar Qasımov oynayacaq. Bəstəkar özü isə film üçün mahnı bəstələyəcək.
   Polad Bülbüloğlu onu da qeyd edib ki, artıq Yuli Qusman Bakıdadır. Avqustun 23-də filmin çəkilişlərinə start veriləcək.
   Qeyd edək ki, E.Qasımov hazırda filmdə canlandıracağı obrazla bağlı tarda ifa etməyi və at çapmağı öyrənir. Çəkiliş qrupunun üzvləri bildirirlər ki, Eldar bu vərdişlərə kifayət qədər sürətlə yiyələnir.