Nazir Əbülfəs Qarayev bir sıra görüşlər keçirib
   
   Xəbər verdiyimiz kimi, sentyabrın 11-dən 16-dək Çin Xalq Respublikasının Çenqdu şəhərində Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı (DTT) Baş Assambleyasının 22-ci sessiyası keçirilib. Sessiyada mədəniyyət və turizm naziri, Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının sədri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib.
   
   Turizm sahəsində əməkdaşlıq müzakirə olunub
   
   Əbülfəs Qarayev sessiya çərçivəsində İran İslam Respublikasının vitse-prezidenti, Mədəni irs, Əl işləri və Turizm Təşkilatının rəhbəri Əli Əsgər Munesan və Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş ilə ikitərəfli görüşlər keçirib.
   İran rəsmisi ilə görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, mədəni irs sahəsində həm ikitərəfli qaydada, həm də UNESCO və digər beynəlxalq təşkilatlar çərçivəsində birgə layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılıb. Nazir Ə.Qarayev İran rəsmisini ölkəmizə səfərə dəvət edib.
   Əbülfəs Qarayevin türkiyəli həmkarı ilə görüşündə mədəniyyət və turizm sahələrində qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb. Nazirlər iki ölkə rəhbərlərinin müdrik siyasəti nəticəsində formalaşan möhkəm dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə əməkdaşlığa töhfə verdiyini təsdiqləyərək, bir sıra vacib layihələrin qısa müddətdə həyata keçirilməsini qərara alıblar. 
   Görüşdə yaxın aylarda Azərbaycan və Türkiyə Mədəniyyət və Turizm nazirlikləri nümayəndələrindən ibarət turizm üzrə işçi qrupunun görüşünün keçirilməsi, UNESCO çərçivəsində xalqlarımızın ortaq mədəniyyətini əks etdirən nümunələrin birgə təqdim edilməsi, xüsusilə TÜRKSOY ilə bu sahədə münasibətlərin dərinləşdirilməsinin vacibliyi qeyd edilib.

   Azərbaycan növbəti müddətə DTT-nin İcraiyyə Şurasının üzvü seçilib
   
   DTT Baş Assambleyasının 22-ci sessiyası çərçivəsində qurumun Avropa Komissiyasının iclası da keçirilib. İclasda Avropa regionundan 5 ölkə - Azərbaycan, Rumıniya, Rusiya Federasiyası, Yunanıstan və Litva növbəti dörd il müddətinə DTT-nin İcraiyyə Şurasına üzv seçilib və Baş Assambleyanın qərarı ilə üzvlük təsdiqlənib.
   Baş Assambleyanın 22-ci sessiyasında Azərbaycan hökuməti adından çıxış edən nazir Əbülfəs Qarayev ölkəmizin uğurları, həyata keçirilən layihələr və Azərbaycan-DTT əməkdaşlığı barədə üzv ölkələrə geniş məlumat verib. İcraiyyə Şurasının üzvü kimi gələcəkdə də həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə təşkilatın prinsip və məqsədlərinə nail olmaq üçün ölkəmizin öz səylərini əsirgəməyəcəyini vurğulayıb.
   Qeyd edək ki, ölkəmiz 2013-cü ildən DTT-nin İcraiyyə Şurasının üzvüdür, 2017-ci ildə isə Şuraya sədrlik edir. Azərbaycanın son illərdə turizm sahəsində qazandığı uğurlar və Şurada səmərəli fəaliyyəti nəticəsində ölkəmizin növbəti dövr üçün namizədliyi səsvermə zamanı dəstəklənib. Bu mühüm uğur Prezident İlham Əliyevin turizm sahəsinə və beynəlxalq əməkdaşlığa göstərdiyi daimi diqqətin nəticəsində dövlətimizin əldə etdiyi beynəlxalq etimadın göstəricisidir.
   
   Turizm etikası üzrə konvensiya təsdiq edilib
   
   Baş Assambleyanın sessiyası gedişində qurumun Turizm etikası üzrə konvensiyasının layihəsi üzərində iş də yekunlaşıb. Xatırladaq ki, bununla bağlı yaradılan işçi qrupuna Azərbaycan sədrlik edirdi və qrupun dördüncü iclası Baş Assambleyanın sessiyası çərçivəsində toplanıb.
   Konvensiya layihəsinin yekun variantının təsdiq edilməsi məsələsi Baş Assambleyada müzakirəyə çıxarılıb. 
   İşçi qrupunun sədri qismində çıxış edən Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov konvensiyanın turistlərin hüquqlarının qorunması, turizm sənayesi mütəxəssislərinin üzərinə düşən öhdəliklər, eləcə də turizmin davamlı inkişafda və beynəlxalq sülhdə oynadığı rol və turizm sektoru üzrə bir sıra digər mühüm müddəaları özündə əks etdirdiyini xatırladıb və üzv ölkələri bu mühüm sənədin təsdiq edilməsinə dəstək verməyə çağırıb.
   DTT-nin baş katibi Taleb Rifai Azərbaycan nümayəndəsinin çıxışını dəstəkləyib və konvensiyanın hazırlanmasında ölkəmizin böyük töhfəsinin olduğunu deyib. Səsvermə zamanı Azərbaycan daxil olmaqla, 51 ölkə sənədin mətninin qəbul olunmasını dəstəkləyib. Tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyəti də çıxış edərək ölkələrin beynəlxalq hüquqi prinsiplərə hörmət etməsinin vacibliyini vurğulayıb və bu baxımdan konvensiyanın təsdiqinin zəruri olduğunu qeyd edib.
   Üzv ölkələrin yekdil razılığı ilə Turizm etikası üzrə konvensiya DTT-nin Baş Assambleyasının 22-ci sessiyasında təsdiq edilib.
   Məlumat üçün qeyd edirik ki, 1999-cu ildə təsdiq edilmiş "Turizmin qlobal etik kodeksi"nə əsaslanaraq hazırlanmış sənəd DTT-nin ilk konvensiyası olacaq.