18-19 sentyabr tarixində Sudan Respublikasının ev sahibliyi ilə Xartum şəhərində İSESCO-nun “İslam dünyası üçün mədəniyyət strategiyası”nın tətbiqi üzrə Məşvərət şurasının 15-ci iclası keçirilib.
Tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yaşar Hüseynli təmsil edib.
İclasda strategiyanın təkmilləşdirilmiş layihəsi, “Mədəniyyət və şəhərlə bağlı qaydalar”, “İnkişafın mədəni göstəriciləri üzrə təlimat”, “İslam dünyasında mədəni irsin qorunması haqqında bəyannamə”nin layihələri müzakirə olunub. İSESCO Məşvərət şurasının üzvləri, həmçinin “Mədəniyyət nazirlərinin İslam konfransında iştirakına dair prosedur qaydaları”nın layihəsini və digər sənədlərə təklif olunan əlavələri nəzərdən keçiriblər.
İclasda təsdiq edilmiş sənəd layihələri baxılmaq üçün noyabrın 21-dən 23-dək Xartum şəhərində “İslam dünyasında gələcəyin şəhərlərinin dayanıqlı inkişafına doğru” başlığı altında təşkil olunacaq mədəniyyət nazirlərinin 10-cu İslam konfransına çıxarılacaq.