Sentyabrın 15-də Bakı Xoreoqrafiya Akademiyasında Bilik günü və 2017-2018-ci tədris ilinin başlanması münasibətilə tədbir keçirildi. 
   Tədbiri Akademiyanın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev açaraq müəllim və tələbələri təbrik etdi, onlara uğurlar arzuladı. Rektor bildirdi ki, bu gün respublika rəhbərliyinin elm, təhsil və mədəniyyətə diqqət və qayğısı nəticəsində Bakı Xoreoqrafiya Akademiyası da öz fəaliyyətində yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Akademiyada yüksək səviyyəli müəllim heyəti, o cümlədən 20-dən artıq elmlər doktoru, professor, xalq və əməkdar artistlər, görkəmli sənət adamları tədris prosesinə cəlb olunmuşlar. Tədris prosesi beynəlxalq standartlara uyğun qurulmuşdur. Onlarla xarici mütəxəssis akademiyada ustad dərsləri keçmiş, ölkəmizdə ilk dəfə klassik və milli rəqs üzrə beynəlxalq müsabiqə keçirilərək yaddaşlarda gözəl anlarla dolu iz qoymuşdur.
   Bundan əlavə, tədris ocağının nəşri olan “Sənət Akademiyası” jurnalı Ali Attestasiya Komissiyasının reyestrinə daxil edilmişdir. 
   Vurğulandı ki, akademiyada şagird və tələbələrin təhsil, elm və yaradıcılıq işləri üçün bütün zəruri şərait yaradılmışdır. 2017-2018-ci ildə burada xoreoqrafiya sənəti, instrumental ifaçılıq, sənətşünaslıq, teatrşünaslıq və menecment ixtisasları ilə yanaşı yeni açılmış rəqs müəllimliyi, xalq çalğı alətləri ifaçılığı və musiqişünaslıq ixtisasları üzrə kadr hazırlığı aparılacaq. 
   Rektor bildirdi ki, 90 illik təcrübəyə malik Bakı Xoreoqrafiya Akademiyası bundan sonra da qarşıya qoyulan məqsədlərə nail olmağa çalışacaq, Azərbaycanda xoreoqrafiya və onunla əlaqəli digər sənət sahələri üzrə müxtəlif təhsil pillələrində professional və yüksəkixtisaslı kadrlar hazırlayacaq. Akademiyaya xarici ölkələrdən də maraq artıb və burada əcnəbi tələbələr də təhsil alır.
   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev kollektivə uğurlu tədris ili arzulayaraq son iki ildə xoreoqrafiya sahəsində əldə olunan nailiyyətlərdən söz açdı. Bildirdi ki, çox az müddət ərzində Bakı Xoreoqrafiya Akademiyası bu sahədə aparıcı ali təhsil müəssisələri sırasına daxil ola bilib. Bildirdi ki, ölkə başçısının sərəncamına müvafiq olaraq çox qısa zaman kəsiyində Xoreoqrafiya Məktəbinin bazasında belə bir akademiyanın yaradılması rektor Timuçin müəllimin, kollektivin gərgin əməyi sayəsində başa çatdırılıb.
   Amma proses bu gün də davam edir, binada təmir-bərpa işləri aparılır, yeni binanın tikintisi ilə bağlı hazırlanan layihə nazirlik və akademiyanın rəhbərliyi tərəfindən bəyənilmişdir. Ümumən maddi-texniki bazanın möhkəmləndirilməsi ilə bağlı bu sahədə davamlı addımlar atılır: “Akademiya sənət istiqamətinin mürəkkəbliyinə görə özünün unikallığı ilə seçilir. Azərbaycan milli xoreoqrafiya sənətinin, rəqs sənətinin, müxtəlif sənət peşələrinin burada tədris edilməsi sahənin gələcəkdə mədəniyyətimizə xidmət edəcək çox böyük, geniş perspektivli kadr təminatının göstəricisidir. Əgər əvvəllər xoreoqrafiya sənəti burada peşə kimi öyrədilirdisə, artıq elmi səviyyəyə qaldırılıb. Çox istərdim ki, Azərbaycan mədəniyyətinin gələcəyini öz çiyinlərində daşımağa çalışan gənclər bu illərdə təhsilə və məşğul olacaqları elmə ciddi və yaradıcı yanaşsınlar”. 
   Nazir müavini həmçinin diqqətə çatdırdı ki, bu il tədris ilinin başlanması ilə bərabər, həm də Azərbaycanda ilk dəfə 15 sentyabr kino mövsümün başlanması kimi qeyd olunur. 18 sentyabr tarixində isə növbəti Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı açılacaq, dünyanın müxtəlif ölkələrindən gələn tanınmış musiqiçilərin iştirakı ilə böyük bir festival keçiriləcək. Həmçinin teatrlarımız yeni mövsümə başlayırlar. Bunun ardınca oktyabr ayında ənənəvi Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək. Bildirildi ki, ölkə başçısının imzaladığı sərəncamlara əsasən görkəmli sənətkarlar Bülbülün 120, Şövkət Məmmədovanın 100, Tofiq Quliyevin 100, Müslüm Maqomayevin 75, Məhluqə Sadıqovanın 100, Ağasadıq Gəraybəylinin 100 illiyi və digər sənətkarlarımızın yubileyləri, müxtəlif tədbirlər keçiriləcək. Ə.Vəliyev sonda bir daha bütün kollektivi yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi. 
   Tədbirdə çıxış edən klassik rəqs və milli rəqs üzrə baletmeysterlər, əməkdar artistlər Yuri Lobaçev və Ceyhun Qubadov dərs ilinin başlanması münasibətilə təbriklərini çatdırdılar, tədris üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildirdilər. 
   Tədbirin sonunda BXA-nın tələbəsi adını qazanmış gənclərə tələbə biletləri təqdim edildi. 
   
   Lalə