Türk-müsəlman dünyasının milli iftixarı Üzeyir bəy Hacıbəyli
Elə həmin dünyanın azman aydınları arasında xüsusi, ayrıca-əlahiddəcə yeri olan Üzeyir bəy...
Jurnalistlik, publisistlik, milli ziyalılıq, bəstəkarlıq, pedaqoqluq, ictimai xadimlik görəvlərinin hamısındakı heyrətamiz başarıları onun mütləq dahiliyinə dəlalət...
Bu insanın yaratdığı “Böyük Bəstəkar”-“Bənzərsiz Söz ustası”-“Alidən-ali Ziyalı” vəhdət dünya mədəniyyəti, bəşər sənəti tarixində nadir hadisələrdən...
Adətən, hamı sözünə onun böyük “Leyli və Məcnun” başlanğıcından başlayır. Elə həmin il İ.Qaspıralının “Tərcüman” qəzetində dərc edilən: “Hesab məsələləri” dərsliyi müəllim Ü.Hacıbəylinin əsəridir. Gözəl üsul ilə tərtib edilmişdir. Azərbaycan türk şivəsində olduğundan məhəlli məktəblər üçün də faydalı və lazımdır” kimi “kiçik” əməllərindən isə çox az bəhs edilir...
Tədqiqatçılarının əksəriyyəti belə bir qənaətdədir ki, ötən əsrin 20-ci ilinədək publisist Üzeyir bəy bəstəkar və yazıçı Üzeyirlə “çiyin-çiyinə” gəlişsə də, bəzən, “sənədli Üzeyir” “bədii Üzeyir”i üstələmişdir. Bu fikri vurğulamaqda bir məqsədim də odur ki, bu ölməz sənət mücəssəməsinin yalnız “Leyli və Məcnun”, “Arşın mal alan”, “Məşədi İbad”, “Koroğlu” şedevrlərilə yaşayanlar onun səhnə-ekranxaric dahiliyinin də fərqinə varmağa çalışsınlar. Məsələn, “Xaricdə qəzetlər bağlansa, nə olar? Biri deyər; “vay, kor oldum”, o biriləri deyər; “vay, kar oldum”, “vay, lal oldum”. Bəs bizdə bağlansa nə olar? Heç nə, bir məşədi o birinə deyər ki, məşədi, bəs şorumuzu nəyə büküb satacağıq?..”
Yaxud, onun “Üzeyirin əsərlərindən kapitalizm iyi gəlir” deyən və yazan sovet “abrazavonski”lərinə cavabı: “Pis qoxulardan xilas olmağınız üçün, xahiş edirəm, burnunuzu mənim yazılarıma soxmayasınız”...
18 sentyabr və 23 noyabr
Olum və Ölüm günləri...
Belə nəql edirlər ki, ilk tarixçədə Şuşada narınca yağış yağırmış, hamiləliyinin son günlərində qonaq getdiyi Ağcabədidə dünyaya ikinci oğlan uşağı gətirən Şirin ana sevinc yaşları axıdır, Əbdülhüseyn ata qurbanlıq qoç seçir, qonum-qonşu gözaydınlığına, Şuşa erməniləri isə bu adlı-sanlı, milli qanlı, istedadlı, aborigen Qarabağ nəslindən növbəti danosa tələsirmişlər...
Son tarixçədə, küçə-meydana sığışmayan matəm izdihamından məlum “monolit” binanın damına çıxanlardan iki nəfər yıxılıb həlak olub, İçərişəhərin ahıl-ağbirçəkləri səkilərdə oturub, dizlərinə döyə-döyə: “Oğul, vay!” - deyib hönkürürmüşlər...
...Bu dahinin 100 illik yubileyi törənlərində Bakıya gələn və son təntənə gecəsi “uzkiy kruq”da “Koroğlu”nun uvertürasını təkrar-təkrar dinləyən bir Avropa musiqişünası isə belə bir heyrət irad edib: “Aman Tanrı, bu şedevrin mayasında azı dörd operaya uvertüralıq taktlar var!..”
Və bir qərar:
“18 sentyabr - Üzeyir Musiqi Günü”...
Belə bir düha ilə bağlı belə bir qərarın özü də dahiyanə bir əsər! Çünki söhbət tək elə soy-mənşə baxımından yox, həm də böyük milli mədəniyyət bəyimizdən gedir. Hər səhərimizi, hər ictimai tədbirimizi möhtəşəm “Himn”i ilə açdığımız, əzəmətli “Koroğlu” uvertürası ilə rövnəqləndirdiyimiz milli-professional musiqi meyarımızdan bəhs olunur.
Və onun böyük ad-sanını, zəngin, universal irsini bütün parametrlərdə dəyərləndirib, “adi” bir doğum gününü belə bir rəsmi-direktiv qiymətlə qutlayıb - “Üzeyir Musiqi Günü” kimi qərar verməklə, dövlətimiz özü də ümummilli-mənəvi bir əsər müəllifi oldu. Bu qərarın mübarək dərkənarı isə ümummilli lider Heydər Əliyevə məxsus...
Canlı sənət Akademiyası
Bu epiteti işlətməkdən ona görə çəkinmədim ki, onun davamçıları olan korifeylərimizdən Qara Qarayev “Üzeyir Hacıbəyov böyük sənət kəhkəşanıdır” deyib, Fikrət Əmirov “Üzeyir bəy bütöv bir xalqdır!” söyləyib.
Neçə illərdir ki, böyük təntənə və sevgilərlə keçirilən Musiqi günü mərasimlərində onun sənətkarlığından, alimliyindən, publisistliyindən, ictimai xadimliyindən nələr yazılmır, nələr danışılmır?! Müasirləri olmuş dünyalarca məşhurlardan hansı biri ona heyranlığını bildirməyib, hansı bəstəkar ondan bəhrələndiyini etiraf etməyib?..
O, iyirmi iki yaşında yazdığı “Leyli və Məcnun” operası ilə qoca Şərqi misli görünməmiş dərəcədə cavanlaşdırdı. Möhtəşəm, şahanə “Koroğlu”su ilə daha çox döyüş meydanlarında qəhrəmanlıq göstərmiş Azərbaycan xalqını sənət qəhrəmanı da etdi. Yalnız yaddaşlar ümidinə qalmış mahnılarımızın əbədi not “ədəbiyyatına” köçürülməsinin bünövrəsini qoydu. Hər xanəndənin, çalğıçının, hətta bəzən, hallı dinləyicinin məzaq-marağı ilə biri bir neçə saat davam edən muğamlarımıza elmi-metodoloji mizan-düzən verdi, bitkin şöbələrə ayırdı. Öz analitik məqalələri, alovlu publisistikası ilə dövri mətbuatda baş alıb gedən sxolastik pafos, yalançı millətçilik, məhəlliçilik tendensiyalarına qarşı bir nümunə oldu. Möhtəşəm ariya, romans və digər şedevrlərilə Bülbülləri, Rəşidləri də dünyəviləşdirdi. Öz canlı librettolarına yazdığı şanlı musiqi parçaları ilə ölkəmizin adını dünya afişalarına yazdırdı, adımıza alqışlar yağdırdı. “Arşın mal alan”ı ilə dünyada analoqu olmayan məhəbbət və izdivac “tacir”i, “Məşədi İbad”ı ilə aşiqlərin “yaş senzi” məcəlləsini yaratdı. Öz ustalıq şöləsi, təkrarsız aurası ilə - sonralar “bütün dünyanı fəth edən fateh” Qara Qarayev, “milli əzəmətli, dünya simfonizmli” Fikrət Əmirov, “barmaqları ilə orkestrlərin başı üzərində ildırımlar çaxdıran” Niyazi, “SSRİ-nin bütün novatorlarından novator” Tofiq Quliyev, “real məhəbbəti heyrətamizliklə əfsanəviləşdirən” Arif Məlikov kimi nəhənglərə müəllim oldu.
Daha nələr oldu...
1938-də (“Koroğlu” operasının Moskva tamaşası zamanı) vurğunluğunu gizlədə bilməyən Stalin əlini onun kürəyinə qoyaraq: “Daha belə bir möhtəşəm opera yaza bilərsinizmi” - dedi, 10 il sonra yenidən tutması tutan Mircəfər Bağırovla “kəmərbəstə”ləri arasında: “Qocanı da aradan götürməyin vaxtı deyilmi? - Onda gərək bütün teatrların qapılarından qıfıl asaq...” dialoqu oldu və 1952-ci ildə Əbdürrəhman Fətəlibəyli (Düdənginski) Münxendə çap edilən “Azərbaycan” dərgisindəki “Azərbaycan xalqının böyük oğlu” məqaləsində -
Yazdı:
“Bütün müsəlman dünyasında opera sənətinin yaradıcısı, Azərbaycan Milli İstiqlal Hərəkatını yönəldənlərdən biri, geniş dünyagörüşü və cəsarətli fikirlərilə bütün türk-müsəlman tarixində şərəfli bir yer tutmuş Üzeyir bəy Hacıbəylinin çoxşaxəli sənətində yönəldici amil Vətən sevgisi olub. Bütün yaradıcı həyatını millətimizə həsr edən Üzeyir bəy qardaşı Z.Hacıbəyli ilə birlikdə 300-ə qədər mahnı toplayıb, bir vaxt digər qardaşı Ceyhun bəyin rəhbərlik etdiyi rəsmi “Azərbaycan” qəzetinin redaktoru olub. 1908-dən ta 1920-yə - Azərbaycanın cəbrlə sovetləşdirilməsinə qədər bir-birinin ardınca 10-a yaxın opera və operetta yaradıb.
Heyhat, bu qaynar yaradıcı fəaliyyət birdən-birə kəsilir. Sovet istilasından ta 1937-ci ilə qədər bəstəkarımız susmağa məcbur olur. Sovet hökuməti öz “sosial ismarlamalar”ı ilə Üzeyir bəyi ağır yaradıcılıq böhranına məruz qoyur...
Bu susqunluq illərində Üzeyir bəy bütün gücünü gənc musiqiçilər yetişdirməyə sərf etdi, xalq musiqisini nota köçürdü, Azərbaycanın Musiqi Məktəbi, Konservatoriya və Bəstəkarlar İttifaqına direktorluq, rektorluq, sədrlik etdi, möhtəşəm bir xor heyəti yaratdı.
Lakin bu susqunluq dövründə Azərbaycan musiqisi, xüsusilə opera sənəti olduqca gerilədi. Azərbaycanın böyük musiqi sənətini çıxılmazlığa sürükləyən Sovetlər başqa yollara da baş vurdular; ölkəyə bir neçə əcnəbi bəstəkar dəvət etdilər və onlardan biri - Qliyer - çox fikirləşmədən (və heç utanmadan), Z.Hacıbəylinin “Aşıq Qərib”ini “öz” “Şahsənəm”inə “çevirdi”...
Digər təşəbbüslərə də əl atan sovetlər (rus və başqa Avropa operalarından istifadə və s.), bu səmərəsiz təcrübələrə çox vaxt və pul sərf etdikdən sonra, 17 il əsl yaradıcılıqdan məhrum etdikləri Üzeyir Hacıbəyliyə yenidən üz tutmağa məcbur oldular və nəhayət, möhtəşəm, başlıca qəhrəmanı millətimiz olan “Koroğlu” operası meydana gəldi.
...Kreml bu opera ilə bu dahi millət oğlunu “sovetləşdirmiş” hesab etsə də, belə bir Azərbaycan azmanının sovet həyatında olmasına dözə bilmirdi. Və bu qədər real-qlobal tarixilikdən sonra... 25 noyabr 1948-ci ildə Moskva radiosu çox cüzi bir aniliklə dünyaya belə bir xəbər yayımladı: “Uzun sürən ağır xəstəlik səbəbindən böyük bəstəkar Üzeyir Hacıbəyli vəfat etmişdir”.
“Uzun sürən ağır xəstəlik”? İnanmaq da olardı. Lakin, vəfatından iki gün əvvəlki qəzetlərdə onun “bəstəkarların Moskva toplantısında iştirakı” xəbəri dərc edilməsəydi...”
Həmin sovetlərin...
Bəli, onların digər (daha məşhur və əbədi) personaları digər mətbu informasiyalarında ərz edirdilər ki: “Azərbaycan sovet musiqisinin təməlini qoyan Ü.Hacıbəyov çox böyük, çox təbii, çox ecazkar istedad sahibi olan bir bəstəkar, görkəmli ictimai xadimdir. Onun “Leyli və Məcnun”undan “Koroğlu”suna kimi Azərbaycan operasının otuz ildə keçdiyi yüksək inkişaf yolunu Qərbi Avropanın bəzi ölkələri iki yüz ilə keçmişdir” (Dmitri Şostakoviç), “...Gürcü xalqı, bütün Sovet xalqının fəxri və şöhrəti olan Ü.Hacıbəyovun simasında hədsiz istedadlı bir sənətkarı, çox etibarlı dostunu və qardaşını görür” (Akaki Xorava)...
Zaman-zaman davam etmiş (və edəsi) doğma fəxarətlənmələrimizə gəldikdə isə: “Koroğlu” operası Azərbaycanın opera aləmində öz revolyusion coşğunluğu, bədii yenilikləri, parlaq xalq musiqisi ilə son dərəcə yüksək bir yer tutmaqdadır” (H.Cavid), “Koroğlu” operasının məzmun və mündəricəsi Üzeyir bəyin siyasi və ictimai varlığının güzgüsüdür” (M.S.Ordubadi), “Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı Ü.Hacıbəylinin musiqisi daim xalqımızın ürəyində yaşayır, onun mənəvi həyatını zinətləndirir” (Q.Qarayev), “Üzeyir bəy elə sənətkardır ki, onun adı tərif yükü götürmür, o hər hansı tərif pilləsindən yuxarıda duran bir simadır” (Rəsul Rza), “...Biz böyük Üzeyir bəy yaradıcılığından Antey qüdrətinin sirlərini hələ çox öyrənməliyik” (Fikrət Əmirov), “Üzeyir bəy yaradıcılığı elə bir ümummilli sənət çəmənzarıdır ki, hər qarışında yeni bir çiçəyə, təzə bir gülə rast gəlirsən!..” (çox sevimli universitet müəllimlərimdən rəhmətlik Firudin Hüseynov)...
Hərdən evə gec gələrkən təlaşlanan və bu dünyadan (əlbəttə, Üzeyir sarı...) nəvəsiz köçən anası isə bu böyüklükdə KİŞİnin “qarasınca” deyərmiş: “Ay Allah, bu uşaq harda qaldı?!.”
Və ən yeni çağımızdan.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Ü.Hacıbəyli Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi ən görkəmli şəxsiyyətlərdən biridir”.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva: “Üzeyir Hacıbəyli irsi, həqiqətən, böyük bir dünyadır. Bu dünyanın əzəməti ondadır ki, Üzeyir bəy bu gün də əsl pedaqoq kimi bizi tərbiyə edir, bizə kədərlənməyi və gülməyi öyrədir, muğam dramaturgiyasının sirlərini açır, aşıq sənətinin qüdrətini dərk etməyə kömək edir...”
Tahir Abbaslı