İstənilən xalqın şəxs adları onun varlığının göstəricisidir. Hər bir xalq soy, dil və ərazi birliyi içərisində mövcud olur, əgər bunlardan biri olmazsa, həmin ulusun varlığı şübhə altında qalır. Xalqı yaşadan, qoruyan yurddaşın, soydaşın adının milli olması da onun milli ruhunun zənginliyinə, yaşarılığına xidmət edir. 
   Reallıq isə budur ki, bu gün otaylı - butaylı Azərbaycanda adlarımızın böyük əksəriyyəti başqa millətlərdən və dillərdən gəlmə, qeyri-türk adlarıdır. İranlı Nəhayi Hüseynin “Nahnamə” (“Adlar haqqında kitab”) adlı kitabında verilən 1047 kişi adından 27-sinin, 252 qadın adından isə yalnız 6-sının türk kökənli olduğu göstərilir... 
   Unuduruq ki, babalarımızın adqoyma gələnəyinin çox böyük tarixi var. Dədə Qorqudumuz bir çağlar oğuz igidlərinə ad verərdi, onları öyərdi. İnsan adı qazanmalıydı - halal zəhmətinin bəhrəsi təki. Adsız qalmaq istəməyən gənc 15 yaşına yetdiyində igidlik göstərib ad qazanmalıydı.
   Tarixən türklər tanrıçı olublar, göylə, yerlə dostluq ediblər. Özlərini dağda, daşda, ağacda, suda, torpaqda, odda tapıblar. Ona görə də onların adlarının çoxu təbiətlə bağlı olub. Əbülqazi Bahadır xanın “Şəcareyi tərakəmə” (“Tərəkəmələrin şəcərəsi”) adlı əsərində deyilir: “Oğuz eli Qorquda dedi: “Uşağa yaxşı ad ver”. Qorqud Ata dedi: “Qoy onun adı Dumanxan olsun!” Xalq dedi: “Bundan da yaxşı ad ver”. Qorqud Ata cavab verdi: “Bundan yaxşı ad yoxdur. Bu uşaq Duman vaxtı doğulub, ona görə də ona Dumanxan adını verdim”. 
   Dədə Qorqudumuz təkcə insanlara yox, bütün əşyalara, olaylara ad verirdi. Bu da onu göstərir ki, adqoyma, sözyaratma elə-belə, göydəndüşmə deyil, birbaşa düşüncə ilə bağlı bir işdir. 
   Bu gün qardaş Türkiyədə özəlliklə soyadlar bütünlüklə türkcəmizdədir. 1926 və 1933-cü illərdə Türkiyədə çıxarılan “Soyadı qanunu”nun bu məsələdə böyük önəmi oldu. Soyadların sonundakı “ibn”, “pur”, “zadə” şəkilçiləri yığışdırıldı, onların yerinə “lı”, “li”, “oğlu” sonluqları yazıldı. Sevindiricidir ki, indi bu iş bizdə də gerçəkləşir. 
   Haradasa on il öncə buraxılan “Ərəb və fars mənşəli sözlərin lüğəti”ndə dilimizdə işlənən ərəb və fars kökənli 20 min (!) söz yer alıb. Beləliklə, ad sistemimizdə özgə adların işlədilməsi geniş yayılıb. Dərin düşünə bilməyən yurddaşlarımız bir yana, az-çox düşünənlərimiz də özlərinin, eləcə də övladlarına qoyduqları adların mahiyyətinə varmırlar.
   Bir çoxlarına elə gəlir ki, soyadlarımızdan rusun -ov, -yev şəkilçilərini atmaqla milli olacağıq. Baxanda görürük ki, soyadlardakı “ov” rusundur, amma ad da bizim deyil, özgə millətindir. 
   İndi isə övladlarına Azərbaycan türklərinin əskidən bəri gələn milli adlarını vermək istəyənlər üçün bəzi kişi və qadın adlarını təqdim edirik: Adıgözəl (k), Afaq, Ağca (q), Ağbəyim (q), Ağyel (k), Ağyol (k, q), Ağyurd (k), Alqış (k), Alpay (k), Alpaslan (k), Alov (k, q), Atabəy (k), Ataxan (k), Ayaz (k), Aydəmir (k), Aydəniz (q), Aydın (k), Aydınay (k, q), Aypara (k, q), Aysu, Aysun (q), Aytəkin (q), Aytən (q), Aytunc (k), Aytürk (q), Babək (k), Barış (k), Bayan (q), Bayat (k), Baycan (k), Bayram (k), Beyrək (k), Bəydəmir (k), Bəyim (q), Bilgin (k, q), Cansu (q), Coşqun (k), Çiçək (q), Dənizər (k), Doğru (k), Dönməz (k), Duman (k), Duyğun (q), Düzgün (k), Elbəy (k), Elçin (k) Eldaş (k), Eltəkin (k), Elturan (k), Əralp (k), Ərtürk (k), Ərbəy (k), Ərdəm (k), Ərən (k), Ərgün (k), Ərxan (k), Ərtəkin (k), Göyçək (q), Göytürk (k), Göysel (q), Göysevər (k, q), Gursəs (k), Gursoy (k), Güntay (k), Güntəkin (q), Könül (q), İgidbəy (k), İlgün (k), Qalabəy (k), Qayaxan (k), Qutsal (q), Oğuz (k), Oğuzxan (k), Oqtay (k), Orxan (k), Odtəkin (k), Odər (k), Öndər (k), Ötkün (k), Özləm (q), Öztürk (k), Səlcuq (k), Sayın (q, k), Sevdim (k, q), Sevən (q), Sevər (q), Sönməz (q), Tanrıyel-Tarıyel (k), Toğrul (Doğrul - k), Tuncər (k), Türkər (k), Türkay (q), Ucatay (k), Ulusbəy (k), Uğur (k), Ulutürk (k), Yağmur (q)... 
   Belə adlarımız yüzlərlədir. Unutmayaq ki, ad milliliyin ən başlıca göstəricisidir. 
    
   S.Qaliboğlu