Prezident İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxış edib
Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Bütün etnik qrupların və dinlərin nümayəndələri Azərbaycanda sülh və harmoniya şəraitində yaşayırlar. Azərbaycanda 2016-cı il “Multikulturalizm ili”, 2017-ci il isə “İslam həmrəyliyi ili” elan olunmuşdur.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxışı zamanı söyləyib.
Prezident bildirib ki, Azərbaycan dinlərarası dialoqun gücləndirilməsinə yönəlmiş çox sayda beynəlxalq tədbirlərə ev sahibliyi edib. Onların sırasında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, Dünya Dini Liderlər Forumunu, dörd dəfə keçirilmiş Dünya Mədəniyyətlərarası Dialoq forumlarını, beş dəfə keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumunu və digər mühüm tədbirləri qeyd etmək olar: “İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvü olan Azərbaycan 2008-ci ildə BMT-nin dəstəklədiyi “Bakı Prosesi”nə start verdi. “Bakı Prosesi”nin əsas məqsədi müsəlman aləmi ilə Avropa arasında dialoqu, tərəfdaşlığı və əməkdaşlığı gücləndirməkdir.
2015-ci ildə Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etdi. 2017-ci ildə Azərbaycan 54 ölkənin iştirakı ilə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. İki il ərzində paytaxtımız Bakıda Avropa və İslam Oyunları keçirildi. Bu, həmçinin multikulturalizmin təşviq edilməsinə böyük töhfə oldu”.
Dövlət başçısı vurğulayıb ki, ərazisində demək olar ki, milli azlıqlar olmadığı, monoetnik ölkə kimi tanınan və ksenofobiya dövlət siyasəti olan Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli ölkədir, cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi böyük sərvətimizdir: “İslamofobiyanı pik həddinə çatdırmış Ermənistan işğal olunmuş ərazilərdə bütün məscidlərimizin dağıdılması kimi bir çox vandalizm aktlarını törətmişdir”.
Prezident 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edildiyini, lakin bu sənədlərin indiyədək kağız üzərində qaldığını diqqətə çatdırıb: “Ermənistan bu qərar və qətnamələri icra etmir. Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunmalıdır”.
Dövlət başçısı qeyd edib ki, Ermənistan işğalının yaratdığı böyük çətinliklərə baxmayaraq, Azərbaycan uğurla inkişaf edir. Davos Dünya İqtisadi Forumunun “2016-2017-ci illər üzrə qlobal rəqabətə davamlılıq hesabatı”nda Azərbaycan 138 ölkə sırasında 37-ci yeri tutub. 2015-ci ildə Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinin icrasında əldə etdiyi böyük nailiyyətinə görə həmin ilin “Cənub-Cənub” mükafatını alıb və 2010-cu ildən isə yüksək insan inkişafı kateqoriyalı ölkələr sırasına daxil edilib.