Festivalın qalibləri ilə görüş
Sentyabrın 21-də Nizami Kino Mərkəzində “Azərbaycan-Rusiya: dostluq qanadlarında” devizi altında gənclərarası yaradıcılıq müsabiqə-festivalının təşkilatçıları və qalibləri ilə görüş keçirilib.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Vuqar Zeynalov qonaqları salamlayaraq, iki ölkə arasında mədəni əlaqələrin tarixindən danışıb. Vurğulanıb ki, müsabiqə-festivalın keçirilməsində məqsəd mədəniyyətimizin milli xüsusiyyətlərinin tanıdılması, Azərbaycan və Rusiya mədəniyyətlərinin qarşılıqlı inkişafı üçün şəraitin yaradılmasıdır.
Rusiyanın Çelyabinsk vilayətində Azərbaycan diasporunun rəhbəri Rəfail Quliyev Azərbaycanın mədəni və mənəvi dəyərlərinin təbliği istiqamətində görülən işlərdən söz açıb.
Festivalın münsiflər heyətinin sədri, Rusiyanın Əməkdar incəsənət xadimi, Çelyabinsk Dövlət Mədəniyyət və İncəsənət Akademiyası Estrada kafedrasının müdiri, professor Rulan Xabibulin ənənəvi festival-müsabiqənin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.
Qeyd edilib ki, Çelyabinsk şəhərində “Azərbaycan-Rusiya: dostluq qanadlarında” devizi altında gənclərarası yaradıcılıq müsabiqə-festivalı 2013-cü ildən keçirilir.
Layihə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin, Çelyabinsk vilayətinin mədəniyyət, elm və təhsil nazirliklərinin, Çelyabinsk Şəhər Administrasiyasının birgə təşkilatçılığı, vilayətdəki Azərbaycan Mədəniyyət mərkəzi - “Ozan” ictimai təşkilatının dəstəyi ilə reallaşıb.
Müsabiqə-festivalda vokal, instrumental, xoreoqrafiya, təsviri incəsənət və diyarşünaslıq nominasiyaları üzrə qaliblər seçilib. Festivalın yekun qala-konsertinin proqramında Q.Qarayev, F.Əmirov, Y.Poplyanova və başqa Azərbaycan və rus bəstəkarlarının əsərləri və xalq mahnıları yer alıb.