Sentyabrın 28-dən 30-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.
Bakı İdman Sarayında (keçmiş Əl Oyunları İdman Sarayı) təşkil olunan sərgi-yarmarkada iştirakla bağlı 100-dək yerli, 40-dan artıq xarici nəşriyyat, kitab evi və digər təşkilatlar qeydiyyatdan keçib. 2009-cu ildə əsası qoyulan Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası iki ildən bir təşkil olunur.
Sərgi-yarmarkanın rəsmi açılış mərasimi sentyabrın 28-də saat 11:00-da Bakı İdman Sarayında gerçəkləşəcək.
Tədbirin ilk günündə nazirliyin “Avtomat kitab köşkü” və “Azərbaycan kitabının dünyaya tanıdılması” layihələrinin təqdimatı, Rusiyanın “ASKİ” Naşirlər Assosiasiyası və MDB-yə üzv dövlətlərin nəşriyyatlarının toplantısı, habelə kitabxanaçılarımızın VI Ümumrespublika müşavirəsi keçiriləcək.
Sərgi-yarmarka çərçivəsində Xalq şairi Nəriman Həsənzadə, Xalq yazıçısı Çingiz Abdullayev, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və digər müəlliflərin kitablarının imza günü təşkil olunacaq, kitab təqdimatları, çeşidli tədbirlər baş tutacaq.
Sərgi-yarmarkaya ziyarətçi qismində qatılmaq və tədbirlərdə iştirak sərbəstdir.