Sentyabrın 25-də Mərdəkan Mədəniyyət sarayında Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin (MEMM) nəzdində fəaliyyət göstərən “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun Bakı şəhəri üzrə üzvlərinin ilk görüşü keçirildi. Tədbir Elmi-Metodik Mərkəz və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə gerçəkləşdi. 
   Görüşdə əvvəlcə Elmi-Metodik Mərkəzlə Ümumdünya Etnoidman Cəmiyyəti (EWS) arasında anlaşma memorandumu imzalandı. Memorandum elmi müəssisələrdə çalışan əməkdaşların müasir peşəkarlıqlarına xidmət edən tədbirlər sahəsində əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək məqsədi daşıyır.
   Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev bildirdi ki, anlaşma memorandumu mədəni irsimizin təbliğinə töhfə verəcək.
   Ümumdünya Etnoidman Cəmiyyətinin prezidenti Aleksey Kılasov diqqətə çatdırdı ki, təşkilat xalqların mədəni idman növlərinin tanıdılması istiqamətində fəaliyyət göstərir: “Azərbaycanda bu idman növlərindən zorxana, güləş, pəhləvan oyunları da təbliğ edilməli, tanıdılmalıdır. Ənənəvi oyunlar həm də interaktivlik tələb edir. Şadam ki, Azərbaycanla imzalanan belə bir mühüm sənəd məhz siz gənclərin iştirakı ilə baş tutdu”.
   Daha sonra çıxış edən MEMM-in direktoru Asif Usubəliyev bildirdi ki, görüşün məqsədi gənc mədəniyyət işçilərinin fəaliyyət istiqamətlərində innovasiya və kreativliyi artırmaq, əlaqələri intensivləşdirmək, informasiya mübadiləsi üçün virtual müstəvidə fəaliyyəti genişləndirmək, işgüzar yaradıcı mühitdə daha effektiv koordinasiya işlərinin görülməsi və regionlardakı gənclərin ideya zənginliyinin artırılması istiqamətində işləri fəallaşdırmaqdır. Bu kontekstdə milli mədəni irsin paytaxtda qonaq olan turistlərə düzgün çatdırılması da vacib məsələlərdəndir. 
   Direktor müasir dövrdə gənc mədəniyyət işçilərinin qarşısında duran vəzifələrdən, mədəniyyət sahəsinin gənclər arasında populyarlaşdırılması problemlərindən söz açaraq bu sahədə çalışan gənclərin ixtisaslarını, peşə bacarıqlarını artırmalarının, yeniliklərə daim açıq olmalarının vacibliyini vurğuladı. 
   MEMM-in şöbə müdiri Nurəddin Babayev “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun regionlarda keçirilən görüşləri və bu görüşlərin nəticələri ilə bağlı hesabat məruzəsi ilə çıxış etdi. 
   Görüşdə “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun üzvləri ilə mədəniyyət sahəsinin cəmiyyətdəki nüfuzu, ölkənin və xalqın rifahında mədəniyyət amili, təşəbbüskarlıq və kreativlik, müasir düşüncə və mənəvi sərvətimiz olan adət-ənənələr, fəaliyyətin müasir formaları, mədəniyyət müəssisələrinin sosial imici, əməkdaşların peşəkarlığı, azərbaycançılıq ideologiyasının təbliğində mədəniyyət müəssisələrinin rolu, vətənpərvərlik və mədəniyyət, sərbəst fəaliyyət istiqamətlərində söhbət aparıldı. Qrant layihələrində iştirak və digər mövzular da müzakirə edildi. 
   Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşları, Mərdəkan Mədəniyyət sarayının kollektivi və paytaxtın rayonlarından 200-dən artıq gənc mədəniyyət işçisi iştirak edirdi. 
   
   L.Azəri