Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı yeni mövsümə balaca teatrsevərlərin zövqünü oxşamaqla başlayıb. Yaradıcı kollektiv ilə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi arasında əldə edilmiş razılığa əsasən teatr «Avropa avtobus turu - 2017» layihəsində iştirak edib.
   Sentyabrın 20-də teatrın nəzdindəki studiyanın yetirmələri səhnələşdirdikləri üç Avropa nağılını bədii qiraət janrında Qax şəhərinin balaca sakinlərinə təqdim ediblər. Axşam isə Şəkidə teatrın səhnəsində H.X.Andersenin nağılı əsasında hazırlanmış «Kralın yeni libası» nağıl-tamaşası ilk dəfə oynanılıb. Sentyabrın 21-də teatr Zaqatala Mədəniyyət mərkəzində J.B.Molyerin «Aldadılmış ər» tamaşası ilə çıxış edib. 
   Sentyabrın 22-də teatr studiyasının tələbələri şəhərdəki uşaq evinin sakinləri və qarışıq tipli internat məktəbinin şagirdləri qarşısında Avropa nağıllarının səhnələşdirilmiş oxusu ilə çıxış ediblər. Axşam isə Avropa İttifaqına üzv ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, eləcə də digər qurumları təmsil edən qonaqlar «Kralın yeni libası»na baxıblar. 
   Tamaşadan əvvəl şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Avropa İttifaqının nümayəndəsi Denis Daniilidis çıxış edərək, Şəki teatrının bu layihəyə qoşulmasını təqdir etdiklərini söyləyiblər. 
   Teatr sentyabrın 23-də «Yuxarı Baş» Dövlət Tarix-Memarlıq qoruğunda keçirilən «Avropanı yaxından tanıdaq» sərgisində də iştirak edib. 
   Layihəyə daxil olan tədbirlər və «Kralın yeni libası» tamaşası Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanıb.
   Dörd gün ərzində dörd dəfə nümayiş olunan «Kralın yeni libası» tamaşasının bədii rəhbəri teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rejissoru Arzu Əhmədova, quruluşçu rəssamı Nicat Məmmədovdur. Rəqslərə Çingiz Novruzəliyev quruluş verib, geyimlər isə Elman Rəşidlinin eskizləri əsasında tikilib. Tamaşada Əməkdar artist İqrar Salamov, aktyorlardan Fərahim Fətəliyev, Rəsul Məmmədrəhimov, Günay Novruzəliyeva, Orxan Həmidli və başqaları çıxış edir. 
   Avropa nağıllarının bədii qiraətində isə aktyorlar teatr studiyasının yetirmələri ilə birlikdə iştirak ediblər. 
   
   Gülcahan