Məşhur fransız aktyoru, ssenaristi və kinorejissoru Pyer Rişar 1934-cü ildə Fransanın Valansyen şəhərində tekstil sənayeçiləri aliləsində doğulub. Məktəbə “Limuzin”lə gedib-gələn Pyer sonralar memuarlarında yazıb ki, belə bir zəngin həyat onu kasıb uşaqlarından uzaq salıb. Onların gözündə sinfi düşmənə çevrilən Rişar özünü müdafiə etmək üçün uşaqları güldürərək başını girləyirmiş. O həm də yaxşı rəqqas olub.
Fransanın qədim aristokrat nəslinə mənsub olan babası onu məşhur biznesmen kimi görmək istəsə də, o, orta məktəbi bitirəndən sonra aktyorluq peşəsini seçir. Bu üzdən ailəsi onunla əlaqəsini kəsir. Pyer Parisə gələrək əvvəlcə dram kursunda oxuyur, sonra isə məşhur rejissor Jan Viların yanında təcrübə keçir.
Teatr karyerasının ilk dövrlərində ancaq ikinci planda rollar oynayır. 1967-ci ildə İv Rober onu «Xoşbəxt Aleksandr» adlı filmə dəvət edir. Bundan sonra o özü də rejissor kimi bir neçə film çəkir. Amma ona əsl şöhrəti 1972-ci ildə çəkildiyi «Qara çəkməli ucaboy sarışın» filmi gətirir. 1976-cı ildə ekranlara çıxan «Oyuncaq» filmindəki baş rolu onu daha da məşhurlaşdırır. Bundan sonra Pyer Rişar məşhur aktyor və yaxın dostu Jerar Depardye ilə populyar filmlərə çəkilir: “Bəxti gətirməyənlər” (1981), “Atalar” (1983) və “Qaçaqlar” (1986).
1996-cı ildə Pyer Rişar gürcü rejissoru Nana Corcadzenin siyasi komediya janrında çəkdiyi “Aşiq olmuş aşpazın min bir resepti” filmində çəkilir. Bu roluna görə o, Kann kinofestivalının “Ən yaxşı aktyor” mükafatına layiq görülür. Bundan başqa, aktyor kinoya verdiyi töhfəyə görə Fransa Kino Akademiyasının «Sezar» mükafatını alıb.
77 yaşı olmasına baxmayaraq, Rişar bu gün də aktiv şəkildə filmlərə çəkilir. Onu daha çox gənc rejissorlar filmlərinə dəvət edirlər.
Aktyor uzun illər sonra babasının tövsiyəsinə əməl edərək bizneslə də məşğul olmağa başlayıb. Şərabçılıqla məşğul olur. Əslində onu bu işə dostu, kino həyatı ilə biznesi uğurla uzlaşdıran Jerar Depardye sövq edib.
Pyer Rişar həmçinin memuarlar, uşaqlar üçün nağıllar yazır, tamaşalar səhnələşdirir. Yeri gəlmişkən, aktyor 4 dəfə evlənib və 4 nəvəsi var. O, yaşının bu çağında da qocalığı yaxın buraxmır: “Mən hər il böyüyürəm, amma yaşlanmıram. Xarici görünüşüm dəyişir, amma qəlbim dəyişmir”.
Çingiz