İnsanın sadəliyi və səmimiyyət haqqında çox danışılıb və çox yazılıb. Qəti əminəm ki, hələ çox-çox müdrik fikirlər də söyləniləcək. Teatr xadimlərinin sadəliyi və səmimiyyəti haqqında söhbət düşəndə ehtiramla söz açdığım dostlardan biri də Məmmədəli Ağayevdir. İşlədiyi kollektivdə, Moskvanın teatr mühitində hamı ona “Mamed Quseynoviç” deyə müraciət edir.
   Tanımayan oxucularda sual doğa bilər ki, Məmmədəli Ağayev kimdir? Bəri başdan deyim: o, dünya şöhrətli Moskva Akademik Satira Teatrının direktorudur. Onun bu zirvəyə, mənsəbə çatması yoluna bir qədər işıq salım.
   Məmmədəlini bugünkü Mədəniyyət və İncəsənət Universitetinin yataqxanasından tanıyıram. O, məndən üç kurs aşağı oxuyurdu. Sısqa, qarayanız oğlan idi və bir az utancaqlığı, bir az xoşqılıqlığı vardı, institutda, yataqxananın dəhlizində, mətbəxdə sakit-sakit dolanardı. Amma di gəl ki, onunla kəlmə kəsib söhbətləşəndə sadəliyinə və səmimiyyətinə heyran qalırdın. Elə məhz bu sadəlik, bu səmimiyyət və bir də tükənməz daxili enerji Məmmədəlini nəinki Moskvanın, hətta bütün Rusiyanın mötəbər teatr direktoru kimi şöhrətləndirib.
   Məmmədəli Hüseyn oğlu Ağayev 1952-ci il sentyabr ayının 3-də Naxçıvanın Qaraxanbəyli kəndində doğulub. 1970-1974-cü illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsil alıb. 1975-1979-cu illərdə Naxçıvan Dövlət Musiqili Dram Teatrında baş inzibatçı işləyib. 1979-cu ilin 21 sentyabrından 1981-ci ilin 21 sentyabrına kimi Moskva Akademik Satira Teatrında rəhbər-inzibatçı kimi təcrübə keçib. Bunun da maraqlı tarixçəsi var. 
   Moskvaya gələn Məmmədəli rus dilində güclə danışırdı. SSRİ Mədəniyyət Nazirliyində ondan soruşublar ki, hansı teatrda təcrübə keçmək istəyirsən? O Moskvada birinci dəfəydi və heç burada hansı teatrların fəaliyyət göstərdiyini də bilmirdi. Ancaq 14-15 yaşlarından Andrey Mironovun sənətinə vurğun idi. Onun aktyorluğunu çəkildiyi filmlərdən sevib bəyənmişdi. Buna görə də deyib ki, Andrey Mironov işləyən teatra getmək istəyirəm. 
   Məmmədəli Ağayev Satira Teatrında baş inzibatçı, direktorun müavini, sərəncamçı direktor işləyib. 1992-ci il mayın 16-dan ecazkar, möhtəşəm sənət yolu keçmiş Akademik Satira Teatrının direktorudur. Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisidir. “Dostluq” ordeninə (2013), “Moskvanın 850 illiyinə xatirə” medalına (1997), “Vətən qarşısında xidmətlərə görə” 2-ci dərəcəli medala (2002) layiq görülüb. “Moskovski komsomolets” qəzetinin 1999-2000-ci il teatr mövsümündə keçirdiyi müsabiqədə “İlin ən yaxşı direktoru” titulunu alıb. 
   Mən dəfələrlə Moskvada Məmmədəli Ağayevin qonağı olmuşam və təbii ki, teatrda məşqlərə, tamaşalara baxmışam, onun gündəlik iş rejimini izləmişəm. Şahidi olmuşam ki, SSRİ xalq artistləri Sergey Pluçek, Vera Vasilyeva, Anatoli Papanov, Rusiyanın xalq artistləri Andrey Mironov, Spartak Mişulin, Olqa Arosyeva, Mixail Derjavin və eləcə də kollektivin digər şöhrətli yaradıcı, inzibati, texniki işçiləri onunla necə mehribanlıqla, nəzakətlə, ehtiram və məhəbbətlə davranırlar. Məmmədəlinin qayğıkeşliyinin tərifi Moskvanın bütün teatr aləmində dilnən deyilir, təriflənir. 
   Neçə il əvvəl Moskva teatrlarının direktorlar şurası yaradılıb. Bu şura ayda mütləq bir dəfə yığılır. Bəzən bu yığıncaq ayda iki dəfə də keçirilir. Hər direktor öz problemlərindən danışır və sonra onun həlli yollarını arayıb-axtarırlar. Bir dəfə bu şurada qonaq sifətilə mən də iştirak etmişəm. Görmüşəm ki, ən çətin məqamlarda hamı Məmmədəli Ağayevin fikrini öyrənməyə, onun qənaətini dinləməyə səy göstərir. Təbii ki, bu ehtiram məndə həmyerli kimi, dost kimi qürur doğurub. Bu iclasda Məmmədəlinin ağayana danışığı, çevik düşüncə tərzi, müdrik qənaəti, etdiyi tənqidin səmimiyyəti adamı heyran qoyur.
   Məmmədəli Ağayevin teatra direktor vəzifəsinə təyinatı ilə bağlı tövsiyəni verən 1957-2000-ci illərdə kollektivə bədii rəhbərlik etmiş Valentin Pluçek olub. Hazırda teatrın bədii rəhbəri Rusiyanın Xalq artisti Aleksandr Şirvindtdir. Direktorla bədii rəhbər möhkəm dostdurlar və onların qəribə yaradıcılıq ünsiyyəti var. Demək olar hər gün səhər-səhər direktor və bədii rəhbər məşq prosesi, repertuar, təqdim olunan yeni pyeslər, gənc aktyorlar, müxtəlif sexlər, texniki avadanlıqlar, işçilərin şəxsi qayğıları barədə müzakirələr, məsləhətləşmələr aparırlar. Teatrın ən xırda məsələsi də nəzərdən qaçmır. Mən teatrın quruluş hissə müdiri ilə söhbət edəndə dedi ki, Məmmədəli Ağayev direktor təyin ediləndən bəri kollektivdə həlli müşkülə çevrilən məsələ olmayıb. Ən mürəkkəb dekorasiyaların tərtibi, müxtəlif ölkələrin mürəkkəb, nadir parçalı tarixi geyimlərinin tikilməsi prosesi məhz Mamed Hüseynoviçin fədakarlığı sayəsində asanlıqla öz həllini tapır.
   Bu günlərdə Məmmədəli Ağayev Rusiya Federasiyası ilə ölkəmizin mədəni əlaqələrinin möhkəmləndirilməsində səmərəli xidmətlərinə görə Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif olunub. Bunu da deyim ki, o, həm Azərbaycanın, həm də Rusiyanın həmin ordeninə layiq görülən yeganə teatr xadimidir.
   Məmmədəli Ağayev Akademik Satira Teatrında direktor işlədiyi müddətdə kollektivi dəfələrlə Kanadaya, ABŞ-a, İsrailə, Almaniyaya, Macarıstana, Çexiyaya, Yuqoslaviyaya, Avstraliyaya və daha bir neçə xarici ölkəyə qastrol səfərlərinə aparıb. Onu da qeyd edim ki, Məmmədəli Ağayev Rusiyanın ən yaxşı menecer və prodüserlərindən sayılır. Onun bacarığı sayəsində Satira Teatrı çox yüksək maaşlı sənət ocağıdır. Bütün xarici qastrollarda hər aktyor öz yaradıcılıq xidmətləri müqabilində əlavə qonorar alır. 
   Əziz dostum Məmmədəli!
   Bakıda olmadığım üçün səni ölkəmizin ali mükafatına layiq görülməyin münasibətilə təbrik edə bilmədim. Ona görə bu ürək sözlərimi məhz “Mədəniyyət” qəzeti vasitəsilə çatdırmaq qərarına gəldim. 
   Sənə doğma olan Akademik Satira Teatrının işıqları həmişə gur yansın. Bu nurun içində sən və sənət dostların daha əzəmətli görünəsiniz.
   
   İlham Rəhimli

  Fotoda (soldan): Aleksandr Şirvindt, Spartak Mişulin, Mixail Derjavin və Məmmədəli Ağayev