Tanınmış, istedadlı rəssamlar təkcə paytaxtımızda deyil, bölgələrimizdə də fəaliyyət göstərirlər. Onlardan biri də Mingəçevir Dövlət Dram Teatrının baş rəssamı, Əməkdar rəssam Rafael Zeynaldır. 
   O, 28 yanvar 1959-cu ildə Mingəçevir şəhərində rəssam ailəsində anadan olub. 1966-1976-cı illərdə Mingəçevir şəhər 1 saylı orta məktəbində təhsil alıb. 1983-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. 1984-cü ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinə daxil olur, 1989-cu ildə bədii keramikaçı ixtisası üzrə təhsilini başa vurub Mingəçevirə qayıdır. 1990-cı ildə Mingəçevir Dövlət Dram Teatrında quruluşçu rəssam kimi fəaliyyətə başlayır. 2000-ci ildə isə teatrın baş rəssamı təyin olunur və indiyəcən həmin vəzifədə çalışır. 
   R.Zeynal teatrda işlədiyi müddətdə onlarla tamaşaya tərtibat verib. Son dörd ildə o, Yevgeni Şvartsın "Qırmızıpapağın nağılı", Arif Mədətovun "Aylı gecə", İsgəndər Coşqunun "Çal-oyna", Əhməd Orucoğlunun "Nənənin kələyi" və başqa tamaşalara tərtibat verib. 
   Rəssamın 2004-cü ildə Hüseyn Cavidin "Ana" tamaşasına verdiyi tərtibat (rejissor Firudin Məhərrəmov) “Qızıl Dərviş” mükafatına layiq görülüb. Uzunillik səmərəli fəaliyyətinə görə o, 2013-cü ildə “Əməkdar rəssam” fəxri adına layiq görülüb. 
   O, əsasən təsviri sənətin rəngkarlıq və qrafika sahələrində çalışır. Ən çox portret, mənzərə, natürmort janrlarında özünü sınayır, tamaşalara maket hazırlayır, hərdən xəttatlıqla da məşğul olur. 
   Bu ilin yayı rəssam üçün əlamətdar oldu. İyun ayında Mingəçevir Dövlət Rəsm Qalereyasında onun fərdi sərgisi keçirildi. Bu sərgini o, uzunillik yaradıcılığının sənətsevərlər qarşısında hesabatı kimi dəyərləndirir. Rəssamın bu ilk sərgisində rəngkarlıq və qrafikadan ibarət 80 əsəri göstərilirdi. 
   Qeyd edək ki, R.Zeynal çox uğurlu portretlər müəllifidir. Özünün dediyinə görə, o, əslində sürrealizm üslubunda əsərlər yaratmağı xoşlayır, ancaq belə əsərlər daha çox vaxt apardığından portretçiliyi üstün tutur. 
   Əyalətdə rəssam olmaq necədir? Rafael müəllim bildirir ki, bölgələrdə çalışan rəssamlar bəzən dolanışıq ucbatından yaradıcılıqdan uzaq qalmalı olurlar. Buna görə də yerlərdə rəssamların sərgiləri az keçirilir. 
   Bəs, R.Zeynalın rəssamlıq sahəsində rəğbət bəslədiyi sənətkarlar kimdir? O, klassiklərin hamısını özünə, ruhuna doğma sayır. Bəyəndiyi rəssamlar sırasında Salvador Dalı, çağdaşlardan Jeremy Mann, Devid Leffel, Roberto Ferri, Robert Liberas, Liu Yi, Zin Lim və başqaları var. 
   
   S.Qaliboğlu