Artıq neçə illərdir ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olduğu 18 sentyabr tarixi ölkəmizdə Milli musiqi günü kimi qeyd olunur. Hər il ənənəvi olaraq Şuşa rayon Turşsu kənd uşaq musiqi məktəbində də bu münasibətlə tədbirlər keçirilir. Builki tədbir isə məktəbin tar müəllimi Amil Məmmədovun təşəbbüsü ilə Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil olundu.
   İlk dərs olaraq şagirdlər Azərbaycan Respublikasının Dövlət himnini ifa etdilər. Şagirdləri Xalq artisti, tarzən Ramiz Quliyevin məktəbə hədiyyə etdiyi tarda 2-ci sinif şagirdi Aqil Hənifəli müşayiət etdi. Amil müəllimin digər şagirdləri Əkbər Məmmədov “Koroğlu” operasından “Uvertüra”, Ayxan Cəfərov “Leyli və Məcnun” operasından “Rəqs”, Hacı Hacıyev “Döyüşçülər marşı”, Bünyamin Mehdiyev isə “Axşam oldu” əsərlərini məharətlə səsləndirdilər.
   Həmin gün bəstəkarın ev-muzeyinə ekskursiyaya gələn Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim və tələbə heyəti şagirdlərin çıxışlarını ürəkdən alqışladılar. Universitetin müəllimi Səyyar Əliyev kollektivi Musiqi günü münasibətilə təbrik etdi. 
   Sonra muzeyin işçisi Gülnarə Ələsgərova uşaqlara dahi bəstəkarın həyat və fəaliyyəti haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, ev-muzeyində olan əşyaların bəzisi Şuşa şəhərindən gətirilib. 
   Bu tədbir biz valideynlər tərəfindən də çox müsbət qarşılandı. Şagirdlərinə, onların təhsilinə göstərdiyi diqqətə, isti münasibətə görə Amil müəllimə təşəkkürümüzü bildiririk.
   
   Cəmilə Mehdiyeva