Bələdiyyə başqanı Ələddin Yılmaz: “Koroğlu parkı 8 türkdilli dövlət və 8 muxtar türk respublikasını təmsil edən park kimi tarixə düşəcək”
   
   Türkiyənin Bolu şəhəri Azərbaycanın Qazax şəhəri ilə qardaşlaşmağa hazırlaşır. Bu barədə Bolu bələdiyyə başqanı Ələddin Yılmaz qəzetimizə açıqlamasında bildirdi: “Biz artıq təkliflərimizi vermişik, indi Qazax rayonu yetkililərinin qərarını gözləyirik. Bu bölgə saz-sənət anlamında önəmli bir yerə sahibdir. Bildiyimiz kimi, Koroğlu da aşıq olduğu üçün belə bir qardaşlaşmanın xüsusi önəmi var. Koroğlunun vətəni Bolunu söz, sənət məkanı Qazax ilə bir araya gətirəcəyik”.
   Ələddin Yılmaz Bolu ilə Azərbaycan arasında dostluğun köklərindən də danışdı: “Xarı bülbül” abidəsi olan parka getsəniz, orada Azərbaycanın və xüsusilə də Bakının 1918-ci ildə qurtuluşunda böyük rol oynayan Bolu qəhrəmanlarının adlarını görə bilərsiniz. Onlar öz qardaşlarının yolunda şəhid olublar. Azərbaycanla Türkiyə bir çox nöqtələrdə birlikdədir. Dünyada az-az xalqlardanıq ki, bir-birimizi bu qədər gözəl anlayırıq. Dil birliyimizin qüvvətli olması bizi bir-birimizə daha çox qaynayıb-qarışdırır. Biz Azərbaycana getdikdə özümüzü öz vətənimizdə hiss edirik. Bir azərbaycanlı da Boluya gələndə istəyirik ki, burada özünü öz vətənində hiss etsin”.
   Bələdiyyə başqanı Bolu şəhərində Koroğlu parkı və heykəlinin yaradılması ilə bağlı bu ilin əvvəlindən davam edən müsabiqə və layihənin icrası barədə də məlumat verdi: “Müsabiqəyə təqdim olunan bir çox əsərlər dəyərləndirildi. Qazaxıstan heykəltəraşının təklif etdiyi layihə birinci yeri tutdu. Artıq o, heykəl üzərində işlərə başlayıb. Bu ilin sonuna qədər kompleksin bitəcəyini düşünürük. Ən önəmlisi budur ki, bu park türk dünyasının müştərək parkı olacaq. Koroğlu parkı 8 türkdilli dövlət və 8 muxtar türk respublikasını təmsil edən park kimi tarixə düşəcək”.
   Boluda keçirilən festivallarla bağlı öz düşüncələrini də dilə gətirən bələdiyyə başqanı vurğuladı ki, əsas məqsədləri Koroğlunu bütün dünyaya tanıtmaqdır: “Bu qəhrəmanı, ortaq dəyərimizi türk dünyasında və eləcə də, bütün dünyada tanıtmağa çalışırıq. Bizim qəhrəmanımız humanist bir qəhrəmandır. Bir əlində qılınc, bir əlində saz var. Belə bir qəhrəman bütün dünyada yoxdur. Manas da belə bir qəhrəman olub. Ona görə də, düşünürəm ki, belə qəhrəmanların dünyada tanıdılması lazımdır. Avropada sadəcə bir Robin Qud, Amerika isə yeni dövlət olduğu üçün qəhrəmanı belə yoxdur. Əsl qəhrəmanlar bizim mədəniyyətdən gəlir və bunun üçün türklər çox şanslıdır”.
   Bu il Boluda türkdilli ölkələrin də iştirakı ilə 5-ci Beynəlxalq Koroğlu festivalı keçirildi. Bununla bağlı da məlumat verən Ə.Yılmaz bildirdi ki, Koroğlu təkcə Bolunun deyil, bütün türk dünyasının qəhrəmanıdır: “Azərbaycan da bizim üçün çox özəl bir yerdir. Üç dəfə sizin ölkəyə getmişik və son dərəcə məmnun olmuşuq. Təbii ki, Ermənistanla Azərbaycan arasındakı problemləri öz içimizdə hiss edirik. Bunun üçün birliyimizi qorumalıyıq. İndi həyata keçirdiklərimiz mədəni və sosial birlikdi. Bu birliyi siyasətdə də bilsək, bu baxımdan da bir-birimizi dəstəkləsək daha gözəl olar. Düşünürəm ki, bu problemlər də həll olunacaq”. 
   
   Mehparə Sultanova
   Ankara