Sentyabrın 22-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) yeni bərpa olunmuş internet saytının təqdimatı olub. Saytın yenilənmiş bərpası akademiyanın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəylinin müəllif layihəsi əsasında, BMA-nın prorektoru, professor Nərminə Quliyeva və Əməkdar incəsənət xadimi, professor Tariyel Məmmədovun iştirakı ilə ərsəyə gəlib.
   Tədbirdə professor Tariyel Məmmədov sayt haqqında ətraflı məlumat verib.
   Vurğulanıb ki, saytda akademiyanın yarandığı gündən etibarən fəaliyyəti, yetişdirdiyi görkəmli şəxsiyyətlər, struktur bölmələr, tələbələrin qəbul qaydaları, musiqi lektoriyası - video mühazirələr, elektron not kitabxanası və onun ifaları, habelə bu günəcən yazılmış dissertasiyaların kataloqu, “Sibelius” proqramında iş üzrə əyani və distant tədris sistemi və s. məlumatlar yer alıb.
   BMA-nın rektoru, professor F.Bədəlbəyli saytın yaradılmasını uğurlu addım kimi qiymətləndirərək bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib.
   Təqdimat mərasimi tələbələrin hazırladığı musiqili konsert proqramı ilə davam edib.