Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Azərbaycanın neft strategiyası və onun müasir dövrdə nəticələri” mövzusunda seminar təşkil olunub.
Tədbir Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə reallaşdırılan “Azərbaycanın milli maraqlarının müdafiəsi istiqamətində regionda və dünya miqyasında təbliğat işlərinin aparılması üçün materialların hazırlanması və KİV-də yerləşdirilməsi” layihəsi çərçivəsində keçirilib.
Tədbirdə çıxış edən ATMU-nun rektoru İlham Mədətov 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən neft strategiyasından bəhs edib. Bildirib ki, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın bir dövlət kimi tanınmasına, dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaradıb.
İqtisadçı ekspert Vüqar Bayramovun “Əsrin müqaviləsi” və onun Azərbaycan Respublikasının müasir həyatında əhəmiyyəti”, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin “Azərbaycanın Avropa və digər dünya ölkələrinin enerji təhlükəsizliyində rolu və onun dünya mətbuatında işıqlanması”, ATMU-nun İctimai fənlər kafedrasının müdiri İbrahim Əliyevin ”Neft amili və onun Azərbaycanın dünyada maraqlarının təsdiqinə təsiri” mövzularında məruzələri dinlənilib.
Sonra məruzələr və mövzu ətrafında müzakirələr aparılıb.