Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və “Qız qalası” incəsənət qalereyasının təşkilatçılığı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən keçirilən “Qız qalası” VII beynəlxalq incəsənət festivalı başa çatıb. 2010-cu ildən keçirilən festival sentyabrın 22-24-də İçərişəhərdə, Qız qalasının qarşısındakı meydanda təşkil olunub.
   Festivalda gənc rəssamlar Bəhruz Kəngərli, Cavid İlham, Orxan Qarayev, Rəşad Nuri və Vüsalə Ağarzayeva Qız qalasının maketlərini müxtəlif üslublarda bəzəyiblər. Eyni zamanda, gənc rəssamlar festivalda iştirak edən Xətai rayonu 3, Nizami rayonu 2, Suraxanı rayonu 1 nömrəli respublika xüsusi internat məktəblərinin şagirdlərinə, eləcə də Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin sağlamlıq imkanları məhdud uşaqlarına da Qız qalası maketini bəzəməkdə kömək ediblər. Festivalda maraqlı sənət əsərlərinə çevrilən Qız qalası maketləri şəhərimizin müxtəlif yerlərində sərgilənəcək.