Kino tariximizdən
1920-1930-cu illərdə “Azərfilm” kinostudiyasında müxtəlif janrda filmlər istehsal olunub. Bu ekran əsərləri sırasında kinodram (“Qız qalası”, “Bayquş”), kinokomediya (“Mədənçi-neftçi istirahət və müalicədə”, “Hacı Qara”, “Mavi dənizin sahilində”), sosial dram (“Bismillah”, “Vulkan üzərində ev”), məişət dramı (“Gilan qızı”), melodram (“Sevil”) və s. janrlarda filmlər var. Bu dövrdə Azərbaycanda hətta “Əvəz-əvəzə” adlı ilk detektiv film də çəkilib. Lakin həmin illərdə tarixi-inqilabi filmlərin istehsalına meyl daha güclü idi.
Hələ 1925-ci ildə 26 Bakı komissarı haqqında qəhrəmanlıq kinodastanı yaratmaq ideyası yarandı. 1926-cı ildə P.Blyaxin “26 Bakı kommunarının qətli” adlı kinossenari yazdı. Ssenari AK(b)P Bakı Komitəsində müzakirə olunub bəyənildikdən sonra onun istehsalı “Azərdövlətkino” və “Mejrabpomrus” studiyalarına tapşırıldı. Filmə quruluş vermək rejissor S.Eyzenşteynə həvalə olundu. Hətta “26-ların həlakının 5-ci ildönümü” adlı 96 metrlik bir xronikal - sənədli film də çəkildi. Lakin Almaniyaya uzun müddətli səfərlə bağlı S.Eyzenşteyn 26-lar haqqında bədii filmə quruluş verməkdən imtina etdi.
Mərkəzi Dövlət Foto-Kino Müəssisəsi - “Qoskino” “Azdövlətkino”ya 1926-cı il 31 mart tarixli bir məktub göndərir. Məktubda deyilirdi ki, Moskva “26 kommunar” filminin birgə çəkilişinə razıdır, amma Bakı ilə razılaşdırmaq şərtilə bütün məsələləri Moskva diktə edəcək.
Bu dəfə quruluş Abram Rooma tapşırıldı. Hətta hazır filmin təhvil verilməsi tarixi də dəqiqləşdirildi: 15 sentyabr 1927-ci il. Amma bir qədərdən sonra, 1927-ci il iyulun 12-də Moskvadan Bakıya yeni məktub göndərildi. Məktubda deyilirdi: “Film çəkmək üçün rejissor yoxdur. Room imtina edir. İş çox mürəkkəbdir, həm də quruluş çox bahadır. Ona görə də bu filmin istehsalından imtina edirik”.
Bundan sonra studiyanın rəhbərliyi 26-lar haqqında filmin çəkilişi ilə bağlı rejissorlardan A.Beknazarov və V.Meyerholdla danışıqlar apardı, ssenarinin yenidən yazılması üçün əvvəlcə ssenarist N.Ağacanova-Şutkoya, sonra A.Rjeşevskiyə sifariş verdi. Hər dəfə də çəkiliş qrupu təşkil olunur, filmin istehsala buraxılma vaxtı təyin edilirdi. Lakin müəyyən təşkilatı işlərlə bağlı bu məsələ hər dəfə təxirə salınırdı.
Nəhayət, 1931-ci ildə gürcü rejissoru N.Şengelaya filmin quruluşunu öz üzərinə götürür. “26 komissar” tarixi-inqilabi filmi Bakı komissarlarının inqilabi fəaliyyətlərindən, kommunanın yaranması və süqutundan bəhs edir. O vaxtlar sovet kino sənətinin əhəmiyyətli əsəri hesab olunan bu film ekranlara çıxandan sonra istər kino tənqidi, istərsə də kinematoqrafçılar tərəfindən birmənalı qarşılanmadı. Onlar komissarların obrazlarının inandırıcı olmadığını, filmin bütövlükdə kompozisiya cəhətdən fraqmentar xarakter daşıdığını qeyd edərək rejissoru tənqid edirdilər.
N.Lebedev “SSRİ kino tarixi oçerki” kitabında (Moskva, 1965) bununla bağlı yazır: “Qeyri-müəyyən”, aydın olmayan, “emosional” ssenari üzrə, “intellektual kino” nəzəriyyəsinin birbaşa təsiri altında çəkilmiş, baş rolların “tipaj” ifaçılarının fərdi əlamətlərinə görə fərqlənməyən obrazlar - xarakterlər yaratdıqları film mücərrədliyə və sxematikliyə məruz qalmışdır. Buna görə də onu haqlı olaraq tənqid edirdilər. Lakin süjetin faciəli olması, kütləvi səhnələrin uğurlu rejissor həlli - şuranın iclası, komissarların güllələnmə səhnəsi; təsviri mədəniyyətin yüksək səviyyəsi filmin nöqsanlarını müəyyən qədər kompensasiya etmişdir”.
Guya “işıqlı gələcək” naminə canlarını qurban vermiş 26-lar haqqında əfsanə uzun illər azərbaycanlıların beyninə yeridilmiş, onlara filmlərdən savayı ədəbi əsərlər həsr olunmuş, abidələr qoyulmuşdu. Çox-çox sonralar 26-ların əksəriyyətinin, başda erməni millətçisi Stepan Şaumyan olmaqla cinayətkar daşnak yığnağı olması faktı üzə çıxdı.
Azərbaycan kinematoqrafçıları isə Bakı kommunası mövzusuna ikinci dəfə 1966-cı ildə müraciət etdilər və rejissor Əjdər İbrahimov “İyirmialtılar” bədii filminə (“Azərbaycanfilm”-“Mosfilm”) quruluş verdi.
Hər iki film haqqında onu deyə bilərəm ki, bu ekran əsərləri yalnız kinematoqrafiya məziyyətlərinə görə, sənət baxımından diqqəti cəlb edir. Komissarların “cəngavər”, xalqımızın “xilaskarları” olmaları haqqında söz-söhbətlər isə cəfəngiyyatdan başqa bir şey deyildir.
* * *
Müharibəyə qədər Azərbaycan kino işçiləri tarixi-inqilabi mövzuda daha iki bədii film çəkib tamaşaçıların mühakiməsinə verdilər.
“Bakılılar” filmi 1938-ci ildə çəkilib. Filmin rejissoru V.Turin, baş operatoru L.Kosmatov, operatorları Əlisəttar Atakişiyev və Mirzə Mustafayevdir.
“Bakılılar” kinoepopeyadır. Filmdə 1905-ci ildə Bakıda baş verən inqilabi hadisələrdən, Bakı proletariatının çarizmə qarşı apardığı mübarizədən bəhs olunur. Burada sadə insanlarda inqilabi şüurun necə oyanması fəhlə Cəfərin simasında öz əksini tapıb. Filmin əvvəlində savadsız neftçi - fəhlə Cəfər Məmmədov bolşeviklərdən Mixaylov, Lidiya Georgiyevna və Zaxarıçla tanış olandan sonra onların təsiri altında bolşevikə çevrilir. Filmdə neftçi-fəhlə Cəfər rolunda teatr aktyoru Rza Əfqanlı çəkilmişdi və bu onun kinoda debütü idi.
Azərbaycanda qanlı repressiyanın ən qızğın dövründə “Bakılılar” filminin çəkilişi ilə bağlı mətbuatda dərc edilmiş məqalələrin birində deyilir: “Azərfilm” studiyası bu filmin çəkilişini 1936-cı il iyunun 1-də başlamışdı. Lakin vaxtilə “Azərfilm” studiyasına soxulmuş trotskiçi-buxarinçi, burjua-nasionalist köpəklər çalışırdılar ki, bu film nəticəsiz qalsın, bu revolyusion ideyalı film yararsız olsun. Bu məqsədlə də o quduzlaşmış köpəklər, filmin rejissor ssenarisi təsdiq edilmədən ikinci dərəcəli epizodları çəkməyə başlamışdılar. Beləliklə də, filmin çəkilişi yubandırılmışdır. “Azərfilm” kinostudiyasının ən bacarıqlı kadrları və talantlı sənətkarları filmin çəkilişinə bolşevikcəsinə girişdilər və tez bir zamanda filmə bir sıra zərbələr çalmağa səy etmiş əclafların pozduğu işlərini aradan qaldırdılar”.
Göründüyü kimi, Azərbaycan K(b)P MK-nın respublika kinematoqrafçıları qarşısında qoyduğu vəzifə - azərbaycanlı fəhlənin bolşeviklərə qoşulması, 1905-ci ildə Zaqafqaziyada inqilabi hadisələrdə kommunistlərin rolu “Bakılılar” filmində öz ideoloji həllini bu şəkildə tapdı. O vaxt mətbuatda yazıldığı kimi, “filmin yaradıcıları öhdələrinə düşən vəzifəni namusla yerinə yetirdilər”.
Lakin Azərbaycan müstəqillik əldə edəndən sonra bu qəbildən olan filmlərə bu günün prizmasından baxmaq, tarixi həqiqətləri olduğu kimi tamaşaçılara çatdırmaq vacibdir. Bununla belə “Bakılılar” filmi, bəzi nöqsanlarına baxmayaraq, sənət nöqteyi-nəzərindən o dövrdə Azərbaycan kino sənətində əhəmiyyətli hadisəyə çevrildi.
Digər tarixi-inqilabi filmi - “Kəndlilər”i 1939-cu ildə Azərbaycanın ilk professional kinorejissoru Səməd Mərdanov çəkib. Əvvəlki filmlərdə olduğu kimi, burada da mülkədar kəndlinin başına oyun açır. Qoca Təhməz kasıbçılığın daşını atmaq üçün çıxış yolunu qızı Ülfətin mülkədarın oğluna ərə getməsində görür. Ülfət isə aşıq Göydəmiri sevir. Bu dəfə də rus fəhləsi, bolşevik Petro kəndliləri inandırmağa çalışır ki, Müsavat (Xalq Cümhuriyyəti) hakimiyyəti devrildikdən sonra torpaq bəylərin, xanların əlindən alınıb kasıblar arasında bölüşdürüləcək, onlara heç kəs ağalıq etməyəcəkdir.
Filmdə göstərilir ki, kəndli hərəkatı genişlənəndən sonra Müsavat hökuməti kəndli qurultayını çağırır. Bolşeviklər bu qurultaydan öz məqsədləri üçün istifadə edirlər. Göydəmirin qurultayda odlu-alovlu çıxışından sonra qurultay dağılır. Qurultaydan sonra kəndlilər Bakı proletariatının ətrafında daha sıx birləşirlər. Guya müsavatçıların hakimiyyəti dövründə xalqın dilənçi vəziyyətə düşməsi, buna görə də milli hakimiyyətin ifşası, kəndlilərin üsyanı filmin əsasını təşkil edir. Filmin sonunda göstərilir ki, XI Qırmızı ordu zirehli qatarla Azərbaycana gəlir. Öz nicatını bu ordunun gəlişində görən kəndlilər, süvari dəstələr qırmızı bolşevik qatarını sevinclə müşayiət edirlər.
G.Mdivaninin ssenarisində mövcud olan bəzi nöqsanlara baxmayaraq, film yüksək professional səviyyədə lentə alınıb. Ədəbi ssenarinin həcmcə nəzərdə tutulduğundan artıq olması, həm də SSRİ Kino Komitəsinin səlahiyyətli əməkdaşları tərəfindən məcburi şəkildə bəzi epizodların dəyişdirilməsi və hətta ixtisar olunması rejissor üçün xeyli çətinliklər yaratdı. Bu da son nəticədə filmin bədii keyfiyyətinə az da olsa təsir göstərmiş oldu.
Filmin başlanğıcı heç də bizim indi gördüyümüz şəkildə deyildi. Bunu sonradan Mərdanova məcburən dəyişdirtdirib, bura “1919-cu il. Azərbaycan. Kasıb kəndlilər Müsavat hökumətinin əsarəti altında inləyir” sözlərini əlavə etmişlər.
Moskvanın kino rəhbərlərinin ssenari ilə bağlı yazdıqları rəydə belə bir fikrə rast gəlirik: “Biz bir daha ssenariçilərin diqqətini ssenarinin elə yerlərinə yönəldirik ki, həmin səhnələrdə partiya rəhbərləri - Lenin və Stalin haqqında söhbət getmiş olsun. “Kəndlilər”də ssenariçilər bu fikri ssenarinin süjet xəttilə üzvi şəkildə bağlaya bilməmişlər”.
Bu qeyd olunanlardan bir daha aydın olur ki, 30-cu illərdə Azərbaycan kinosunda tarixi-inqilabi mövzuya aludəçilik vardı. Digər tərəfdən belə filmlərin yaranma prosesi bir neçə yoxlama mərhələsindən keçirdi. Belə filmlər tarixi-ideoloji baxımdan köhnəlsələr də, bəziləri sənət əsəri kimi öz əhəmiyyətini bu gün də itirməyib.
Aydın Kazımzadə,
Əməkdar incəsənət xadimi