Paytaxtımızın beşinci dəfə ev sahibliyi etdiyi kitab bayramına 40 ölkədən kitabxana və nəşriyyat-poliqrafiya müəssisələri qatılıb
Sentyabrın 28-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimi keçirildi.
Bakı İdman Sarayında təşkil olunan ənənəvi sərgi-yarmarkada 40 ölkənin kitabxana, nəşriyyat və poliqrafiya müəssisələrinin təmsilçiləri iştirak edir.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev builki sərgi-yarmarkaya da böyük marağın olduğunu bildirdi. Son vaxtlar Azərbaycanda beynəlxalq tədbirlərin mütəmadi olaraq keçirilməsini yüksək qiymətləndirən nazir belə tədbirlərin beynəlxalq ictimaiyyət tərəfindən də rəğbətlə qarşılandığını qeyd etdi.
Sərgi meydançasında Azərbaycanın və xarici ölkələrin nəşriyyat-poliqrafiya müəssisələrinin geniş çeşiddə məhsullarının nümayiş olunduğunu deyən nazir üç gün davam edəcək tədbir çərçivəsində kitab təqdimatlarının, işgüzar görüşlərin, dəyirmi masaların keçiriləcəyini, müzakirələrin aparılacağını bildirdi.
Qeyd olundu ki, son illər latın qrafikalı nəşrlər hesabına kitabxanaların zənginləşdirilməsi istiqamətində xeyli iş görülüb. Həyata keçirilən tədbirlər Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi və dünya ədəbiyyatının Azərbaycan dilində çap edilməsi haqqında ölkə başçısının imzaladığı sərəncamlara uyğun olaraq reallaşdırılır.
Əbülfəs Qarayev son illərdə respublikamızda poliqrafiya sənətinin inkişafından söz açaraq bildirdi ki, Azərbaycan hər il beynəlxalq kitab sərgi-yarmarkalarında təmsil olunur və kitablarımız ən yüksək mükafatlara layiq görülür. Beynəlxalq kitab sərgilərinə təqdim olunan məhsullar arasında həm dövlət, həm özəl nəşriyyatların, eləcə də Heydər Əliyev Fondunun nəşrləri yer alır. Heydər Əliyev Fondu tərəfindən bir sıra kitabların çap edilməsi xüsusi əhəmiyyət daşıyır.
Bildirildi ki, nəşriyyat sahəsi hər zaman dövlətimizin diqqət mərkəzindədir: “Əsas məqsəd kitab nəşri sahəsində ən müasir texnologiyaların ölkəmizə gətirilməsinə nail olmaq, kitabın təbliği və yayılması, dərsliklərin, lüğətlərin, tərcümə və elmi ədəbiyyatların işıq üzü görməsinə yönəlmiş qərar və göstərişlərin icrasını vaxtında təmin etmək, gənc nəslin kitaba maraq və sevgisini daha da artırmaq, Azərbaycan oxucusunu dünyanın aparıcı nəşriyyatlarının məhsulları ilə tanış etməkdir”.
Tədbirdə çıxış edən Baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev kitab bayramı münasibətilə bütün oxuculara təbriklərini çatdırdı. Bildirdi ki, Azərbaycanda belə sərgi-yarmarkaların keçirilməsi artıq ənənə halını alıb. Kitabın bəşəri dəyər olduğunu qeyd edən Elçin Əfəndiyev sərginin ölkəmizdə keçirilməsini yüksək qiymətləndirdi.
Vurğulandı ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində beynəlxalq kitab sərgiləri, eyni zamanda digər beynəlxalq tədbirlər ölkəmizdə belə yüksək səviyyədə keçirilir. Gələcəkdə bu yöndə daha böyük işlərin görüləcəyinə əminliyini ifadə edən Baş nazirin müavini bildirdi ki, iştirakçılar burada sərgilənən kitablar vasitəsilə Azərbaycan xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı və bugünkü inkişaf səviyyəsi haqqında dolğun məlumat əldə edə biləcəklər.
Sonra mərasim iştirakçıları və qonaqlar beynəlxalq sərgi-yarmarka ilə yaxından tanış oldular.
Sərgidə ölkəmizdən “Təhsil”, “Şərq-Qərb”, “Adiloğlu”, “Yazıçı”, “Əli və Nino”, “Apostrof”, “Alatoran”, “Letterpress” və digər nəşriyyat-poliqrafiya müəssisələri iştirak edir.
V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası sentyabrın 30-dək davam edəcək.
Fariz