“Avtomat kitab köşkü” layihəsinin təqdimatı olub
    
   Sentyabrın 28-də V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində mütaliə həvəskarları üçün sürpriz olan bir yeniliyin - Mədəniyyət və Turizm Nazirliyinin “Avtomat kitab köşkü” layihəsinin təqdimatı keçirildi.
   Respublika Kitabxana Kollektorunun direktoru Ələddin Əsədov “Avtomat kitab kökü” haqqında ziyarətçilərə məlumat verərək bildirdi ki, bu tipli aparatlar ilk dəfə olaraq müxtəlif içkilərin satışı üçün nəzərdə tutulub. Müasir dövrdə bir sıra ölkələrdə kitabların da artıq bu üsulla satışı həyata keçirilir. Aparatın özəlliyi müştəri ilə birbaşa əlaqədə olub, müvafiq məbləği ödədikdən sonra nəzərdə tutulan kitabı almağa imkan verir.
   Qeyd olundu ki, 200-250 kitab tutumu olan “Avtomat kitab köşkü”nün M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası və digər kitabxanaların önündə, eləcə də açıq havada kitab sərgilərinin təşkil olunduğu yerlərdə quraşdırılması nəzərdə tutulur. 

   Fariz