Bu sahədə çalışanların peşə bayramı münasibətilə mətbuat konfransı keçirildi
   
   27 sentyabr - Dünya turizm günü ənənəvi olaraq ölkəmizdə də qeyd olundu. Xatırladaq ki, Prezident İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamına əsasən, əlamətdar gün həmçinin Azərbaycanda turizm işçilərinin peşə bayramı kimi qeyd edilir.   
   Əlamətdar gün ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin kollektivi və turizm sektorunda çalışanlar sentyabrın 27-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər, məzarı önünə gül dəstələri qoydular. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunaraq məzarı üzərinə gül dəstələri düzüldü.
   * * *
   Turizm işçilərinin peşə bayramı münasibətilə “JW Marriott Absheron” hotelində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə mətbuat konfransı keçirildi.
   Nazir öncə turizm işçilərinin peşə bayramını təbrik etdi və ölkə turizminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında dövlət başçısının 26 sentyabr 2017-ci il tarixli sərəncamını diqqətə çatdırdı: “Bu gün ölkəmizdə artıq ikinci dəfədir ki, turizm işçilərinin peşə bayramı qeyd olunur. Bu, Prezident İlham Əliyevin turizm sənayesinin inkişafına nə qədər önəm verdiyinin bir daha sübutudur. Son bir neçə il ərzində qurulan turizm infrastrukturunun nəticəsidir ki, hazırda bu sahədə 46 min nəfər çalışır. Bura 60 min nəfərdən çox mədəniyyət sahəsində çalışanları da əlavə etsək, ümumilikdə 100 min nəfərdən çox insan turizm sahəsinə xidmət edir. Mən onlara fədakar əməklərinə görə təşəkkür edirəm. Bu əlamətdar gün turizm müəssisələrində bayram kimi qeyd olunmalıdır”.
   
   Gəlmə və daxili turizmdə dinamik inkişaf tempi
   
   Əbülfəs Qarayev turizmin ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olduğunu və milli iqtisadiyyatın inkişafı üzrə Strateji Yol Xəritəsində mühüm yer tutduğunu dedi. Qeyd olundu ki, turizm özlüyündə bir sıra sahələri əhatə edir və bu sahələrin inkişafı üçün əlaqədar strukturlar birgə çalışmalıdır: “Azərbaycan stabil, təhlükəsiz və qonaqpərvər ölkədir. Burada turistlərin istirahəti üçün hər bir şərait mövcuddur. 2016-cı ildə ölkəmizə 2 milyon 248 min turist səfər edib. Bu ilin 8 ayında Azərbaycana 1 milyon 818 min nəfər turist gəlib. Bu ilin ilk yeddi ayında xarici turistlərin ölkəmizdə bank əməliyyatları ötən illə müqayisədə 97 faiz artaraq 703 milyon manatdan çox olub. Ümumilikdə isə cari ilin 8 ayında xarici turistlər ölkəmizdə 1 milyard 300 milyon manat vəsait xərcləyib. Yerli turistlərin 8 ayda xarici ölkələrdə xərclədiyi məbləğ isə 1 milyard 200 milyon manat olub”.
   Nazir ölkəmizin regionlarında da turizmin inkişaf etdiyini diqqətə çatdırdı. Bildirdi ki, yay mövsümündə - ilin iyun, iyul və avqust aylarında regionlardakı hotellərdə və mehmanxana tipli obyektlərdə 860 mindən çox yerləşdirmə olub. Bu ilin 8 ayında isə bu göstərici 1 milyon 294 min nəfərdən artıqdır.
   Vurğulandı ki, 2016-cı ildə Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq olunan “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə bu sahədə mühüm istiqamətlər öz əksini tapıb. Hazırda Strateji Yol Xəritəsinin icrası istiqamətində işlər həyata keçirilir.
   
   İkinci Bakı Şopinq Festivalı oktyabrın 15-də başlayacaq
   
   İkinci Bakı Şopinq Festivalından danışan nazir bildirdi ki, festivalın oktyabrın 15-dən noyabrın 15-dək keçirilməsi nəzərdə tutulur. Qeyd olundu ki, ikinci festival birincidən iştirakçı şirkətlərin və əhatə olunan məhsulların çeşidinin çoxluğu ilə fərqlənəcək: “Bu dəfə də festivalda paytaxt sakinləri və şəhərimizin qonaqları üçün bir ay müddətində müxtəlif satış-yarmarkaları və müxtəlif şou-proqramlar təşkil ediləcək. İkinci festival da özünəməxsus yeniliklər, maraqlı mədəni tədbirlər və sürprizlərlə zəngindir. Azərbaycanın zəngin mədəniyyətini, turizm imkanlarını, eləcə də ticarət potensialını əks etdirəcək festival ilk günlərdən ziyarətçilərin və iştirakçıların böyük axınına səbəb olacaq. Dünyanın bir çox ölkəsindən turistlərin və alıcıların diqqətini cəlb edən festival zamanı əyləncə ilə alış-verişin vəhdəti hər bir iştirakçı üçün unudulmaz anlarla yadda qalacaq”. 
   Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Milli Turizm Təbliğat Bürosunun həyata keçirdiyi layihələrdən də söz açdı. Bildirildi ki, qurum işini maraqlı layihələr əsasında qurub. Yaxın vaxtlarda büronun Bakı və regionlarla bağlı iki portalı fəaliyyətə başlayacaq.
   
   Yeni turizm məkanlarının yaradılması davam edir
   
   Nazir ölkəmizdə yeni turizm obyektlərinin açılması istiqamətində də işlərin getdiyini diqqətə çatdırdı: “Bu gün Azərbaycanda 563 hotel, 734 turizm şirkəti fəaliyyət göstərir. Hazırda yeni Xızı-Xaçmaz, Quba və Qusar turizm və rekreasiya zonalarının yaradılması istiqamətində işlər həyata keçirilir. Artıq tenderlər yekunlaşıb. Azərbaycan və Türkiyə şirkətləri qalib olub. Bu layihələrin icrasında İspaniya və digər ölkələrin nümayəndələri də yaxından iştirak edəcək”. 
   Qeyd olundu ki, hazırda Azərbaycan turizm sənayesi 3- 3,5 milyon xarici turisti qəbul etmək iqtidarındadır. Qarşıdakı illərdə turist səfərlərinin artacağını nəzərə alaraq indidən gələcək inkişafa nail olmaq üçün müvafiq addımlar atılır.
   
   Turizm sahəsində ölkəmizin beynəlxalq nüfuzu artır
   
   Əbülfəs Qarayev turizm haqqında yeni qanunun qəbul olunacağını da diqqətə çatdırdı: “Bizim qarşımızda duran əsas məsələ turizm haqqında qanunun qəbul edilməsidir. Dövlətimiz bu istiqamətdə keyfiyyəti prioritet istiqamətlərdən sayır. Keyfiyyət kriteriyaları işlənilir, eyni zamanda reyestr sisteminin hazırlanması üçün də işlər görülür”.
   Qeyd olundu ki, ölkəmizin turizm sənayesi dünya turizm sənayesinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan bu sahədə beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Bu il Dünya turizm gününün “Davamlı turizm inkişaf üçün alətdir” devizi altında qeyd olunduğunu deyən nazir bildirdi ki, Prezident İlham Əliyevin turizm sahəsinə diqqət və qayğısı beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir: “Sentyabrın 11-dən 16-dək Çin Xalq Respublikasının Çenqdu şəhərində Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı (DTT) Baş Assambleyasının 22-ci sessiyası çərçivəsində qurumun Avropa Regional Komissiyasının iclası keçirildi. İclasda Avropa regionundan 5 ölkə - Azərbaycan, Rumıniya, Rusiya, Yunanıstan və Litva 2018-2021-ci illər üçün DTT-nin İcraiyyə Şurasına üzv seçildi. Azərbaycanın növbəti dörd il müddətinə qurumun İcraiyyə Şurasına üzv seçilməsi son illərdə ölkəmizin turizm sahəsində qazandığı uğurların və şurada səmərəli fəaliyyətinin təsdiqidir”.
   
   Sektorun problemləri və perspektivləri
   
   Turizm sənayesində müəyyən problemlərin də olduğunu deyən Əbülfəs Qarayev bunların aradan qaldırılması üzrə işlərin aparıldığını bildirdi: “Bu il istədiyimiz qədər yay çimərlik xidmətlərinin artırılmasına nail ola bilmədik. Lakin bu istiqamətdə marketinq və təbliğat işləri davam etdirilir. Yerli icra hakimiyyətləri də bununla məşğuldur. Ümid edirəm ki, gələn il bu istiqamətdə irəliləyişə nail olacağıq”.
   Nazir sektor üçün kadr hazırlığından, turizm peşə məktəblərinin sayının artırılmasının vacibliyindən də danışdı, bu sahədə müəyyən addımların atılacağını vurğuladı.
   Tədbirdə turizm sahəsində xidmətlərinə görə bir qrup şəxsə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri turizm işçisi” döş nişanı və nazirliyin fəxri fərmanları təqdim olundu.
   Sonda jurnalistlərin sualları cavablandırıldı. 
   
   Fariz Hüseynov