Sentyabrın 27-də Xaçmaz rayon Mərkəzi kitabxanasında Amerika guşəsinin açılışı keçirilib. Mərasimdə ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta iştirak edib.
Əvvəlcə guşədə kompüter və digər texniki avadanlıqlarla, kitab və rəsmlərlə tanışlıq olub. Kitabxanaya yeni avadanlıq, texnika, lazımi materiallar və kitablar hədiyyə edilib.
Mərasimdə çıxış edən səfir guşənin Amerika və Azərbaycan xalqları arasında ünsiyyətin möhkəmləndirilməsində, kompüter biliklərinin mənimsənilməsində, ingilis dilini öyrənmək və təhsil proqramları ilə tanış olmaq imkanlarının qazanılmasında əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, Amerika guşəsi proqramına hazırda Azərbaycan Dillər Universitetində yerləşən Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan, Xaçmaz rayon və şəhərlərindəki regional Amerika guşələri də daxildir. Növbəti mərkəzin Salyanda açılması nəzərdə tutulub. Mərkəz və guşələr ingilis dilini təkmilləşdirmək, Birləşmiş Ştatlar barədə məlumatlar əldə etmək, təhsil və mübadilə proqramları barədə ətraflı bilgilər qazanmaq, habelə yaradıcılıq məkanında yüksək innovativ texnologiya layihələrində iştirak etmək imkanları yaradır. Guşələr, habelə mühazirələr, danışıq klubları hər bir icma nümayəndəsi üçün pulsuz internet və bir sıra başqa fəaliyyətlər də təqdim edir.