Yaxın vaxtlarda ortaq coğrafiya və ortaq ədəbiyyat dərslikləri yazılacaq
   
   Beynəlxalq Türk Akademiyası və Türk Keneşinin (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası) birgə həyata keçirdikləri "Ortaq türk tarixi" kitabının layihəsi tamamlanıb. Qazaxıstanın paytaxtı Astanada 8-ci sinif şagirdləri üçün nəzərdə tutulan və XV əsrədək dövrü əhatə etməklə 7 fəsildən ibarət olan dərs kitabının hazırlanmasına dair yekun ekspertlər görüşü təşkil edilib.
   Akademiyanın prezidenti Darhan Kıdırəlinin rəhbərliyi ilə keçən toplantıya Türk Keneşinə üzv ölkələrdən Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin təhsil nazirliklərinin təmsilçiləri və tarixçilər qatılıb. 
   Toplantıda “Ortaq türk tarixi” layihəsi dəyərləndirilərək lazımi düzəlişlərin edilməsindən sonra kitabın son vəziyyəti üzərində razılaşma təmin edilib.
   D.Kıdırəli öz çıxışında hazırlıqlarına iki il öncə başlanan dərsliyin yazılmasına Türk Keneşinə üzv ölkələrin müvafiq nazirliklərinin dəstək verdiyini qeyd edib. 
   “Burada ortaq qərar qəbul etdik. Türk Keneşi ilə Beynəlxalq Türk Akademiyasının ortaq fəaliyyəti olan kitabı üzv olan dövlətlərin başçılarına və təhsil nazirlərinə təqdim edəcəyik”, - deyə bildirib. 
   O, eyni zamanda qeyd edib ki, kitabın pilot layihə olaraq Nazarbayev İntellektual Məktəbində tədrisinə başlanılıb: “Uşaqlarımızın ortaq tarix anlayışı ilə böyümələri və tariximizi birlikdə oxuya bilməyimiz üçün gözəl bir layihə tamamlandı”. 
   Gələcək layihələrə də toxunan Beynəlxalq Türk Akademiyasının prezidenti növbəti kitabın ortaq coğrafiya ilə bağlı olacağını söyləyib. 
   Türk Keneşi baş katibinin müavini Ömer Kocaman da gənclərin öz tarixlərini doğru şəkildə öyrənmələrinin önəmli olduğunu vurğulayaraq, layihənin gənclərin ortaq tarix anlayışında bir araya gələcəyinə inandıqları bir təcrübə olduğunu bildirib: “Bu gün ortaq Türk tarixi yazırıq. Bundan sonrakı planlarımız isə ortaq coğrafiya və ortaq ədəbiyyatların yazılması ilə bağlı olacaq”. 
   
   Mehparə Sultanova
   Ankara