Oktyabrın 3-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində Xalq rəssamı, heykəltəraş Tokay Məmmədovun 90 illik yubileyinə həsr olunmuş sərginin açılışı keçirildi.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev tədbiri açaraq yubilyarı və qonaqları salamladı, bu sərgini çox nadir bir hadisə olduğunu bildirdi: “Ona görə nadir hadisədir ki, yubilyar özünün 90 yaşını sənətsevərlər arasında qeyd edir”.
Nazir müavini T.Məmmədovun yetişdiyi ziyalı ailə mühitindən, onunla 30 il öncəyə təsadüf edən tanışlığından söz açdı.
Qeyd etdi ki, tanınmış tişə ustası keçmiş SSRİ-nin ən nüfuzlu fəxri adlarına layiq görülüb, yaratdığı əsərlər paytaxtımızı bəzəməkdədir. Ədalət Vəliyev sənətkarın yaradıcı əməyinin dövlətimiz tərəfindən layiqincə qiymətləndirildiyini, 90 illik yubileylə bağlı kitab buraxıldığını və sənədli film çəkildiyini söylədi.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov görkəmli heykəltəraşın göz açdığı yaradıcı mühitin onun sənət yolunda böyük rol oynadığını söylədi. O, yubilyarın yaradıcılığını Azərbaycan təsviri sənəti üçün böyük hadisə adlandırdı.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) prorektoru, Xalq rəssamı Fuad Salayev yubilyarın hərtərəfli yaradıcılığına nəzər yetirdi, onun bu gün də öz bilik və bacarığını gənc nəslə öyrətdiyini vurğuladı.
Sonra tamaşaçılar sərgiylə yaxından tanış oldular. Sərgidə heykəltəraşın ailə albomundan olan uşaqlıq illərinin nadir fotoları, eləcə də ömrünün yeniyetməlik, gənclik və sonrakı çağları ilə bağlı olan şəkillər, yaratdığı heykəllərin modelləri və büstlər nümayiş etdirilir. Ekspozisiya yubilyarın 90 illik mənalı ömrünün bütün çağlarını əhatə edir.
Bildirək ki, T.Məmmədov ixtisas təhsilini öncə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1942-1945), sonra İ.E.Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda (1945-1951) alıb. 1970-1972-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının sədri olub. 1966-cı ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim, Heykəltəraşlıq kafedrasının müdiri işləyib. 2001-ci ildən ADRA-nın Heykəltəraşlıq kafedrasının professorudur.
T.Məmmədov dəzgah və monumental heykəltəraşlığı sahəsində çalışaraq, ağac, tunc və mərmərdən portret və monumental əsərlər yaradıb. Onun monumental heykəltəraşlıq sahəsində yaratdığı Məhəmməd Füzuli (Xalq rəssamı Ömər Eldarovla birlikdə), “Nəsimi” (Xalq rəssamı İbrahim Zeynalovla birlikdə), Üzeyir Hacıbəylinin abidələri paytaxt Bakının ümumi memarlıq görkəminə ayrıca gözəllik bəxş edir. Bakıda ucaltdığı xalq qəhrəmanı Koroğlunun atlı abidəsi sənətkarın monumental heykəltəraşlıq sahəsində yaradıcılığının son dövrünü əks etdirir.
Heykəltəraşın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında saxlanılır.
T.Məmmədov 1962-ci ildə respublikanın Əməkdar incəsənət xadimi, 1973-cü ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb, 2002-ci ildə “Şöhrət”, 2012-ci ildə isə “Şərəf” ordeni ilə təltif olunub.
S.Qaliboğlu