2017-ci ildə Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ Xalq artisti, professor Şövkət Məmmədovanın anadan olmasının 120 illiyi tamam olur. Şövkət Məmmədova dünya vokal məktəbinin yüksək nailiyyətlərini milli musiqi ənənələri ilə ahəngdar şəkildə əlaqələndirərək Azərbaycan opera sənəti tarixinə parlaq səhifələr yazıb. 
   Azərbaycan Respublikasının Prezidenti 11 iyul 2017-ci il tarixində sənətkarın yubileyi haqqında sərəncam imzalayıb. Sərəncamın icrasının təmin edilməsi məqsədilə oktyabrın 7-də Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Şövkət Məmmədovanın 120 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. Gecədə Xalq artisti Rauf Abdullayevin rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə tanınmış vokalçıların ifasında Azərbaycan və Avropa bəstəkarlarının operalarından ariyalar səslənəcək.