V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində elmi konfrans 
   
   Sentyabrın 29-da V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Milli Kitabxanada “Kitabxana üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: kitab, mütaliə, innovasiyalar” mövzusunda beynəlxalq elmi konfrans keçirildi. 
   Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi, Milli Kitabxana və TÜRKSOY-un birgə layihəsi olan "Molla Pənah Vaqif dünya dillərində" kitabının təqdimatı da oldu.
   Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək elmi konfransın əhəmiyyətindən söz açdı. Bildirdi ki, kitabxana işinin inkişaf etdirilməsi dövlətimizin diqqət mərkəzindədir. Bakıda beşinci dəfə keçirilən beynəlxalq kitab sərgi-yarmarkası da bunun bariz nümunələrindən biridir: “Sərgi-yarmarkada 17 ölkənin milli kitabxana direktoru və nümayəndələri iştirak edir. Onlar öz stendlərini qurublar və çap məhsullarını təqdim edirlər. Məqsədimiz kitabı kütləviləşdirməkdir. Kitabın təbliğində innovasiyalardan hamının yararlanmasını təmin etmək də əsas hədəflərdəndir”.
   Direktor ümidvar olduğunu bildirdi ki, 11 ölkədən gələn mütəxəssislərin qatıldığı elmi konfrans bu sahədə müzakirələr və təcrübə mübadiləsi baxımından faydalı olacaq.
   * * *
   Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək tədbirin əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, kitabxanaların informasiya sahəsində qarşıda duran çağırışlara cavab verməsi üçün ilk növbədə onların maddi-texniki bazası təkmilləşdirilməlidir: “Çox yaxşı haldır ki, Azərbaycanda keçirilən kitab sərgi-yarmarkaları çərçivəsində dünyanın müxtəlif ölkələrinin milli kitabxana rəhbərləri bir araya gəlirlər. Müasir dövrdə informasiyanı toplayıb ötürmək ən vacib məsələlərdən biridir. Qloballaşan dünyada bu prosesləri reallaşdırmaq o qədər də asan deyil. Kitabxanalar yeniləşməli, modern texnologiyalarla zənginləşməlidir”.
   Nazirin birinci müavini bildirdi ki, ənənəvi qaydalarla kitabxanaya oxucuları cəlb etmək müasir tələblərə cavab vermir. Bu gün sərbəst informasiya əldə etmək və çevik ötürmək problemi var. Bu sahədə ilk növbədə yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqi çox vacib məsələdir: “Ölkəmiz müstəqillik əldə etdikdən sonra bu sahədə çoxsaylı işlər görülüb. Müasir kitabxana üsullarının mənimsənilməsi, kitab fondunun genişləndirilməsi, elektron kataloqların yaradılması, ümumiyyətlə, yeniliklərin tətbiq olunmasında beynəlxalq təcrübənin böyük əhəmiyyəti var. Ən vacib məsələ isə yeniyetmə və gənclərin kitaba, mütaliəyə cəlb olunmasıdır. Yeni innovasiyalarla ayaqlaşmağa çalışmalıyıq. Ölkəmizdə 30 milyondan çox kitab fondu var. Bu kitabları bir kitabxanaya yerləşdirə bilmərik, ancaq onlardan elektron vasitələrlə istifadə etmək imkanımız var. Avtomatlaşdırılmış kitabxana artıq bütün kitabxanalara şamil edilib və bundan daha da səmərəli istifadə edilməlidir”. 
   Qeyd olundu ki, kitabxanaların idarə edilməsində yeni axtarışlar vacibdir. Təhsilə, biliyə marağı artırmaqda kitabxanaların rolu danılmazdır. Avropa və Ümumdünya Kitabxanaçılar Assosiasiyası hər il öz toplantısında bu məsələləri müzakirə edir. Ölkəmizdə də bu istiqamətdə problemlərin həlli məqsədilə proqramlar həyata keçirilir. 
   Vurğulandı ki, konfrans çərçivəsində Molla Pənah Vaqifin əsərlərinin 12 dilə tərcüməsinin təqdimatı da təsadüfi deyil. 2017-ci il TÜRKSOY tərəfindən "Molla Pənah Vaqif ili" elan edilib. Böyük şairin 300 illiyi UNESCO xətti ilə də qeyd edilir. Kitab görkəmli şairin yaradıcılığına yeni bir işıq salır və bu, dünya xalqları tərəfindən tanınması üçün əhəmiyyətlidir. 
   * * *
   Tədbirdə Azərbaycan Milli Kitabxanası ilə Rusiya Milli Kitabxanası və Azərbaycan Milli Kitabxanası ilə Misir Milli Kitabxana və Arxivi arasında memorandumlar imzalandı. 
   Rusiya Milli Kitabxanasının direktoru Aleksandr Vislıy və Misir Milli Kitabxana və Arxivinin direktoru Əhməd Əl-Şuki əməkdaşlığın daha da genişlənməsinin, kitab mübadiləsinin, qarşılıqlı kitab sərgilərinin, konfransların keçirilməsinin vacibliyini vurğuladılar. 
   * * *
   Sonra “Molla Pənah Vaqif dünya dillərində” kitabının təqdimatı ilə çıxış edən Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı qurumun baş katibi Düsen Kaseinovun salamlarını tədbir iştirakçılarına çatdırdı. O, kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirdi. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY-la daim sıx əməkdaşlıq etdiyini deyən E.Qafarlı təşkilatın xatirə hədiyyəsini nazirin birinci müavini Vaqif Əliyevə təqdim etdi.
   Kitabın ön sözünün müəllifi, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid şairin zəngin yaradıcılığından söz açdılar, nəşrin ədəbiyyatsevərlərə dəyərli töhfə olduğu vurğulandı. 
   * * *
   Günün ikinci yarısında işini davam etdirən beynəlxalq elmi konfransda Milli kitabxananın direktor müavini Ədibə İsmayılova, Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Toman, Misir Milli Kitabxana və Arxivinin direktoru Əhməd Əl-Şuki, Rusiya Milli Kitabxanasının baş direktoru Aleksandr Vislıy, Malayziya Milli Kitabxanasının baş direktoru Nafisah binti Əhməd, Moldova Milli Kitabxanasının baş direktoru Yelena Pintiley, Bosniya və Herseqovinanın Milli və Universitet Kitabxanasının direktoru İsmet Ovcina, Belarus Milli Kitabxanasının direktor müavini Tatyana Kuzminiç, Özbəkistan Milli Kitabxanası Nəşriyyat-poliqrafiya xidmətinin rəhbəri Farrux Musayevin müxtəlif mövzularda məruzələri dinlənildi. 
   Elmi konfransda həmçinin Böyük Britaniya Kitabxanasının türk dili və türkdilli kolleksiyalar üzrə kuratoru Mixail Erdman, ABŞ-ın Los-Anceles Universiteti (UCLA) kitabxanasının Orta Şərq, Cənubi və Mərkəzi Asiya, Qafqaz və islamşünaslıq üzrə kitabxanaçısı Devid Hörş də çıxış etdi.
   
   L.Azəri