“Mədəniyyət naminə elm” layihəsi çərçivəsində seminar
   
   Niyazinin mənzil-muzeyində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzlə birgə “Mədəniyyət naminə elm” adlı layihə çərçivəsində “Azərbaycanda alman mədəni irsinin izləri” mövzusunda növbəti elmi seminar keçirilib.
   Seminarda mərkəzin direktoru Asif Usubəliyev Azərbaycanda alman məskənlərinin salınmasından 200 il ötdüyünü bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin 30 avqust 2016-cı il tarixli "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında" sərəncamı ölkəmizdə tarixi irsə diqqət və qayğını, dövlətimizin tolerantlıq və multikulturalizm siyasətini bir daha nümayiş etdirir.
   Seminarda AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmlər doktoru İkram Ağasiyev almanların Cənubi Qafqazda və Azərbaycanda məskunlaşmasından, alman icmasının mədəniyyəti, adət-ənənələri, iqtisadi və məişət həyatından söhbət açıb.
   Mərkəzin metodisti Günay Əliyeva “Almanlar Azərbaycanda” adlı məruzə ilə çıxış edib.
   Seminar iştirakçıları üçün muzeydə ekskursiya təşkil olunub.