Dünya şöhrətli aktyorun 81 yaşı tamam olur
Dünya kinosunun ulduzlarından olan aktyor və prodüser Şon Konneri 1930-cu il avqustun 25-də Şotlandiyanın Edinburq şəhərində anadan olub. Sənətə gəlməzdən öncə müxtəlif sahələrdə çalışan Şon kinoda debütünü 1958-ci ildə çəkilən “Başqa zamanda, başqa yerdə” filmində edib. 1962-ci ildə Ceyms Bond (Agent 007) haqqında filmlərin birinci hissəsi ekranlara çıxır və aktyor filmdə baş rolu oynayır. Sonrakı illərdə o, daha beş dəfə Ceyms Bond rolunu oynayır. İngilis yazıçısı Yan Fleminqin romanları əsasında çəkilən bu filmlər Şon Konneriyə geniş şöhrət qazandırır. Bununla belə, aktyor 1971-ci ildə bu rola çəkilməkdən imtina edir, kino karyerasını isə başqa filmlərdə davam etdirir.
90-cı illərin əvvəllərində Şon Konneri özünü prodüser kimi də sınayır və “Parlayan günəş”, “Qaya” və “Ara həkimi” filmlərini çəkir. Hər üç filmdə baş rolları oynayır. Ümumilikdə Şon Konneri 70-dən artıq filmə çəkilib. Onun axırıncı ekran işi 2003-cü ildə fantastik janrda çəkilmiş “Görkəmli centlemenlərin liqası” filmidir. O vaxtdan aktyor heç bir filmə çəkilmir, cizgi filmlərində rolların səsləndirilməsində iştirak edir.
Şon Konneri bir çox kino mükafatlarının sahibidir. 1987-ci ildə “Toxunulmazlar” filmindəki roluna görə “Ən yaxşı ikinci plan aktyoru” nominasiyasında “Qızıl Qlobus” və “Oskar” mükafatına, “İndiana Cons və axırıncı xaç yürüşü” filmindəki roluna görə isə “Oskar” mükafatına layiq görülüb. 1991-ci ildə Fransanın “Fəxri Legion” ordeninə, 2000-ci ildə isə kraliça II Yelizaveta tərəfindən cəngavər dərəcəsi və “ser” tituluna layiq görülüb.
Çingiz