Sentyabrın 25-dən 28-dək Buxarest Universitetində (Rumıniya) XII Beynəlxalq Böyük Türk Dil Qurultayı keçirilib. Tədbirdə Azərbaycan alimləri də iştirak edib.
Türkiyənin Bilkent Universiteti, Yunus Əmrə İnstitutu, Türk Dünyası Araşdırmalar Vəqfi, Azərbaycan Türkiyə Dostluq Birliyinin birgə təşkilatçılığı ilə keçirilən qurultay əski türkcənin tarixi qaynaqlarının öyrənilməsinə həsr olunub. Bilkent Universitetinin professoru Rasim Özyürek qurultaya təqdim olunan 258 nəfərin məqaləsindən 144-nün qəbul edildiyini bildirib.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu qurultayda “Orta əsr Azərbaycan-türk əlyazmalarının bəzi imla özəllikləri” məruzəsilə çıxış edib. Digər iclaslarda R.Eyvazova “Qarşılıqlı əlaqələr zəminində İran türklərinin əski tarixinə bir baxış”, A.Məşədiyeva “Əski türkcədəki feili-sifət şəkilçilərinin çağdaş türk ləhcələrində ekvivalentləri”, A.Hacıyeva “Ruhi Bağdadi divanının dilində saylar”, B.Məhərrəmli “Əski türkcədə söz yaradıcılığı” adlı məruzələrini söyləyiblər.
S.Qaliboğlu